Nə sən məni unut, nə də mən səni
Görünüş
Nə sən məni unut, nə də mən səni Müəllif: Qul Hüseyn |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey şahin baxışlım, bülbül avazlım,
Bir əli qədəhlim, bir əli sazlım,
İşdə mən gedirəm, qal, ahu gözlüm,
Nə sən məni unut, nə də mən səni.
Yolda herami çox, əngəl arada
Unutma sevdiyim dəmdə, sırada.
Gəlib gedər, amma gönül burada
Nə sən məni unut, nə də mən səni.
Ta əzəli əzəl sevən sevəndə,
Bu iki cahanda köni - məkanda,
Nizam başlarında ulu divanda,
Nə sən məni unut, nə de mən səni.
Hüseyinəm, aydır: gül bənzim soluq
Sərimizdə yazılmışdır ayrılıq.
Vallahi sevdiyim könüldə birlik
Nə sən məni unut, nə də mən səni.