Məzmuna keç

Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın

Vikimənbə saytından
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın
Müəllif: Məhəmməd Füzuli


Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,
Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.

Rüxün dövründə bir divanədir sövdayi-zülfün kim,
Pərişanlıqdan olmuş, mən kimi, məşhuri-dövranın.

Həvadən kakilindir təprənən, ya rişteyi-candır,
Ki, hərdəm cizginib başinə istər ola qurbanın.

Müsəlsəl zülfi-mişginindən artırmış rüxün rövnəq,
Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.

Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim,
Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.

İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən
Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.

Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,
Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?