Məzmuna keç

Nə yazım (Mirzə Ələkbər Sabir)

Vikimənbə saytından
(Nə yazım? səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nə yazım?
Müəllif: Mirzə Ələkbər Sabir


Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şerə məşğul edərək xatiri-qəmmayilimi,
Qoyuram qənşərimə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…
Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”,
Vazi-halın yazılarsa zili-zilü bəmi bəm,
Elə bir halə düşərsən ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 207