Məzmuna keç

Nədən oldu

Vikimənbə saytından
Nədən oldu
Müəllif: Aşıq Alı


Yeri, göyü insi-cinsi yaradan,
Haqq əmir eylədi yer nədən oldu?
Pərdəyi-hicabdan bir dəsti gəldi,
Onun dəstəsində sir nədən oldu.

Haqq əmir eylədi, gövhar tərlədi,
Bircə qətrə suyu umman eylədi.
Kimnən səda gəldi, kimnən söylədi,
Yandırıb şahpərin nar nədən oldu?

Aşıq Alı yuva istər pirindən,
Haq mərhəmətindən, qüdrət şirindən.
Bir dürr xəlq eylədi öz qüdrətindən,
O dürrün içində sir nədən oldu?