Nədən yarandın

Vikimənbə saytından
Nədən yarandın (1914)
Müəllif: Əhməd Cavad


Sən qüdrətin aşıb-daşan vaxtında
Mələklərin gülüşündən yarandın.
Səhər dilli bir fırçanın əlilə
Ahuların duruşundan yarandın.
Ay işığı... Gözəlliyin, qızlığın
Çiçəklərlə öpüşündən yarandın.
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın...
Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın.