Nədəndi (Ağdabanlı Qurban)
Görünüş
Nədəndi Müəllif: Ağdabanlı Qurban |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Tuti dilli, gül əndamlı canalan,
Götürmürsən o yaşmağı, nədəndi?
Gözlərin gözümə baxır mehriban,
Qaşların qəsd eylər, yağı, nədəndi?
Könül mail oldu sən kimi cana,
Camalın bənzəyir mahi-təbana.
Eşqin atəşinə yanır pərvana,
Gəzdirirsən bu çırağı, nədəndi?
Göz yaşımdan xidmətinə bir namə,
Dedim yazım şərhi gəlmir tamama.
Sədrin üstə bəslədiyin şamama,
Gərdəndə zülflərin tağı nədəndi?
Yoxsulam yanında varı görəndə,
Xəstəyəm bağında narı görəndə.
Tərlan iqbalında sarı görəndə,
Könlüm olur qəm otağı, nədəndi?
Qurban, bu dünyada gözəl çoxdu, çox,
Hər birindən dəyib sinənə min ox.
Sızıldar yaralar, eylərəm ox-ox!
Demirsən sinənin dağı nədəndi?..