Nədəndi (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nədəndi Müəllif: Aşıq Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Ey nazənin, bu gen, geniş dünyada,
Namusu əğyara satmaq nədəndi?
Gər adına deyilmişsə şahibaz,
Söylə görüm, onu atmaq nədəndi?
Eylərəm hər yerdə sənin sorağın,
Gündən-günə artar bil, iştiyağım,
Öz əlinlə yandırdığın çırağın,
Şöləyi-fəraqla yaxmaq nədəndi?
Hifz eyləsin Tanrı səni bəladan,
Tapsın canın səhhət, ey gül, şəfadan,
Hər ikimiz vəslə yetək duadan,
Hicranın oduna yanmaq nədəndi?
Nə gözəldi sənin şirin sözlərin,
Zail etdi məni ala gözlərin,
Ey sevdiyim, qaydasıdı qızların,
Gahi-gahi bu söz atmaq nədəndi?
Sənə əyanmı, ey dilbər, sevdiyim,
Qurbanidi, bir şey istər, sevdiyim,
Ay üzünü görmək istər sevdiyim,
Söylə görüm, bəs bu yaşmaq nədəndi?