Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/10-cu məktub
←9-cu məktub | Nəhcül-bəlağə. 10-cu məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
11-ci məktub→ |
Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).
Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )
Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)
Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz. Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm). Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)