Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/102-ci xütbə
←101-ci xütbə | Nəhcül-bəlağə. 102-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
103-cü xütbə→ |
İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir.
Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (mə’sum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.
Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.
Bu xütbənin (bilikli və gözüaçığın nadan və azğından üstünlüyü barədə) bir hissəsidir
Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.)
Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə) bir hissəsidir
Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir. Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq. Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib. Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ «Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik!» (Seyyid Rəzi buyurur)
İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ - بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir.