Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/104-cü xütbə
←103-cü xütbə | Nəhcül-bəlağə. 104-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
105-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin şə’ninə tərifdən sonra Bəni-Üməyyə dövlətinin süqutuna toxunduğu və daha sonra camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir. (Həqiqi günəşin doğmasından və aləmi fəth edən İslam günəşinin parlamasından öncə camaat azğınlıq və bədbəxtliyin son həddində idi ki,) Allah-təala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəm əleyhis-salamdan Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi. (Ey Bəni-Üməyyə!) Dunyanı yalnız cövlan edən, çilov və dar bağlanmamış palanla, tapdıqdan sonra onun xoşluğundan və ləzzətinin şirinliyindən faydalandınız və onun döşündən süd əmməyi bacardınız. (Onu öz başına buraxılmış, sarbansız dəvə kimi müftə əldə etdiniz. Bu ona görə belə oldu ki,) onun haramı (İmam əleyhis-salamdan əvvəlki xəlifələr və onların ardıcıllarının) ailələri üçün sidr ağacı tək tikansız idi, (asanlıqla onun meyvəsindən dadırdılar. Yəni, qadağan olunmuş işləri görürdülər və qiyamət gününün əzabından qorxuları yox idi). Onun halalı isə onlardan uzaqlaşıb yox olmuşdu (sözləri və əməlləri İslam dininin ziddinə idi). (Siz güman etməyin ki, dünya həmişə bu minvalla gedəcək və Bəni-Üməyyə dövləti olacaq.) Allaha and olsun, dünyanı müəyyən vaxta qədər uzanan kölgə tək ürəyiniz istəyən kimi tapmısınız. Yer üzü sizlər üçün boş və sahibsizdir, orada əlləriniz açıqdır. (Həqiqi) rəhbərlərin əlləri sizdən (sizə hakimiyyətdən) saxladılıb. Sizin qılınclarınız onlara hakimdir, onların qılıncları isə üstünüzdən yığışdırılıb. (Ancaq) bilin ki, hər tökülən qanın intiqam alanı, hər bir haqqın tələb edəni var. Bizim qanlarımızı alan özü barədə hökm verən hakim kimidir (ki, dəlil və sübutsuz elminə əsasən özü barədə hökm verir). Bizim qanımızı və haqqımızı alan istədiyini (tutmaq istəsə) tutmaqda aciz olmayan, qaçan heç bir kimsənin çəngindən çıxa bilmədiyi Allahdır. Allaha and içirəm, ey Bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz (bir neçə günlük hakimiyyətinizdən sonra) qeyrilərinin əlinə düşəcək və düşməninizin (Bəni-Abbasın) sarayına köçəcək. Agah olun! Gözlərin ən yaxşı görəni xeyrə və yaxşılığa nəzər salan (fitnə və fəsada nəzər salmayan) gözdür. Bilin ki, qulaqların ən yaxşı eşidəni öyüd-nəsihəti saxlayaraq qəbul edən qulaqdır. Ey camaat! Nəsihət verənin çırağının şöləsindən qəbul edib (öz səadət və xoşbəxtlik yolunuzun) çırağını işıqlandırın. Və suyu bulanmamış və çirklənməmiş təmiz çeşmədən çəkin (elm və maarifi mə’sum İmamlardan öyrənin). Ey Allah bəndələri! Öz cəhalət və nadanlığınıza etimad etməyin, istəklərinizin dalınca düşməyin. Çünki belə bir mənzilə daxil olan kimsə çay sahilində selin altını boşaldaraq yardığı və uçmaq üzrə olan yerdə mənzil salan şəxs kimidir. (Cəhalət, nadanlıq və nəfsi istəklərinin dalınca düşən adam) həlakəti (onun ağır yükünü) öz belinə yükləyərək ağlına gələn fikrə görə bir yerdən başqa yerə dolandırar (hər zaman bir yol seçər, hər gün yeni fikir və düşüncələrə düşər). Yapışmayanı yapışdırmaq, yaxınlaşmayanı yaxınlaşdırmaq istər (onun fikir və düşüncələrinin əsasında nadanlıq və nəfs dayandığına görə ölüncəyə qədər azğınlıq vadisində heyran və sərgərdan qalar). Allahdan qorxun, qəm-kədərinizi dağıda bilməyənin, möhkəm dayandığınız işləri (yerinə yetirməyə borclu olduğunuz ilahi hökmləri) öz rəyinə əsasən sındıranın (fəsad törədənin) yanında şikayət etməyin (din və dünya işlərində elə bir insana müraciət etməlisiniz ki, İmam və ya İmamın canişini olsun). Allahın buyurduğunu dirçəltməkdən başqa bir şey İmamın öhdəsində deyil. (Bunlar beşdir) moizə (və Həzrət Peyğəmbərin buyuruqlarını) söyləmək, öyüd-nəsihət verməyə çalışmaq, sünnəni (Allahın Rəsulunun hökmlərinə uyğun rəftarı) dirçəltmək, layiq olduğu şəxslər barədə həddin tətbiqi və (beytülmaldan) payları yiyələrinə çatdırmaq. Odur ki, (İmam və canişininin vəzifələri ilə tanış olduğunuza görə haqdan başqa yola qədəm qoymayın və dinin kökündən, qollarından xəbəri olmayan şəxslərə hörmət əli uzatmayın) elm ağacı qurumamış (İmam və canişini dünyadan köçməmiş) və elmdən, bilikdən feyz almaqdan (hadisələrin və ruzigarın ağırlığı nəticəsində) məhrum qalaraq başınız özünüzə qarışmamış elm və bilik əxz etməyə çalışın. Qadağan edilmişləri (müqəddəs şəriətin haram etdiklərini) törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz.