Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/107-ci xütbə

Vikimənbə saytından
106-cı xütbə Nəhcül-bəlağə. 107-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
108-ci xütbə


İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.) Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.

Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir

Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.

Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir

(İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər. Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu. Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu. Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm və (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız).

(İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir) Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir. Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar).