Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/115-ci xütbə

Vikimənbə saytından
114-cü xütbə Nəhcül-bəlağə. 115-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
116-cı xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir. Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.

Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir

Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, Cə’fərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə. (Seyyid Rəzi buyurur:) Deyirəm: «Vəzəhə» deməkdə məqsəd «xunfəsa»dır. (Bu sözün lüğətdə mənası «xunfəsa» deyil, Həccac onu «xunfəsa»ya aid etmişdir). Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın «vəzəhə» ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil.