Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/118-ci xütbə

Vikimənbə saytından
117-ci xütbə Nəhcül-bəlağə. 118-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
119-cu xütbə


İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm və sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır. O böyük şəxs (qoşun göndərmişdi və onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə nə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır və cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». (Bu söz həqiqətə uyğun deyildi və döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu: Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat və nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi və qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tə’nə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq.