Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/12-ci məktub

Vikimənbə saytından
11-ci məktub Nəhcül-bəlağə. 12-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
13-cü məktub


İmam Əli əleyhis-salamın (səhabə və şiələrindən olmuş) Mə’qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb (və məktubda Mə’qilə düşmənlə döyüş üslubunu öyrədir). (Mükafat və cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur. Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür və təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri və dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər də güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub. Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə. Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.