Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/126-cı xütbə

Vikimənbə saytından
125-ci xütbə Nəhcül-bəlağə. 126-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
127-ci xütbə


İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir: Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz? Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm). Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu: Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır. Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şə’nini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.