Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/134-cü xütbə
←133-cü xütbə | Nəhcül-bəlağə. 134-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
135-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır. Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən).