Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/137-ci xütbə

Vikimənbə saytından
136-cı xütbə Nəhcül-bəlağə. 137-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
138-ci xütbə


İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (bey’əti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır. Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar. Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir. İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi. Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.

Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir

(Osmanın qətlindən) sonra (bey’ət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «bey’ət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz. (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et. (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları bey’ətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.