Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/16-cı məktub
←15-ci məktub | Nəhcül-bəlağə. 16-cı məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
17-ci məktub→ |
İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:
Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), sonrası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin. Qılıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin və onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab və nigarançılığın sizə yaxınlaşmasına yol verməyin və sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan və digərləri kimi münafiq və ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət və bizimlə döyüş bayrağı ucaltdılar.)