Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/161-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
160-cı xütbə Nəhcül-bəlağə. 161-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
162-ci xütbə


İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu: Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan. Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi. (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şe’rini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma». Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qur’ani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır)».