Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/165-ci xütbə

Vikimənbə saytından
164-cü xütbə Nəhcül-bəlağə. 165-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
166-cı xütbə


İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir. Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan (və quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.

Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi və səhabələrini məzəmmət etdiyi) bir hissəsidir

(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam və dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət və doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi və) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni də heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı (və elə selin də yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar və onlara güc və qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq və hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət və bütün şeyləri aradan gedər). Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar və Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır. Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin və Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik və səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).