Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/167-ci xütbə

Vikimənbə saytından
166-cı xütbə Nəhcül-bəlağə. 167-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
168-ci xütbə


İmam Əli əleyhis-salamın xilafətində bey’ət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr bey’ətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə və çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər və yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın (və bey’ətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu: Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm də indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış (və bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?! Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar və əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər (və heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb və heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən də çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin və bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».