Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/18-ci xütbə

Vikimənbə saytından
17-ci xütbə Nəhcül-bəlağə. 18-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
19-cu xütbə


İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.

Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir. Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-təala (Qur’ani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ən’am surəsinin 38-ci ayəsində) buyurub: «Biz Qur’anda heç bir şeyi əsirgəməmişik» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub və xatırladır ki, Qur’anın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub: «Əgər bu Qur’an Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».

Qur’ani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.