Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/189-cu xütbə
←188-ci xütbə | Nəhcül-bəlağə. 189-cu xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
190-cı xütbə→ |
İmam Əli əleyhis-salamın (Allahın elminin varlıqları əhatə etməsi, təqva və pərhizkarlığa təşviq, müqəddəs İslam dininin vəsfi, Həzrət Peyğəmbərin Allah tərəfindən göndərildiyi zaman və Qu’rani-Kərimin mədhi barəsindəki) xütbələrindəndir. Allah, otlayan heyvanların çöllərdəki səs və naləsindən, bəndələrin gizlindəki günahlarından, balıqların böyük dənizlərdəki get-gəllərindən və suyun bərk küləklər vasitəsi ilə dalğalanaraq bir-birinə dəyməsindən xəbərdardır. Şəhadət verirəm ki, Məhəmməd Allahın seçilmişi, vəhy (hökmü) gətirəni və Onun rəhmət və mehribanlıq elçisidir. Allah-təalaya həmddən və Həzrət Mustafanın mədhindən sonra, sizi pərhizkarlığa və yaradılışınızın başlanğıcı Ondan olan, qayıdış və dönüş yeriniz Ona tərəf olacaq, ehtiyac və istəklərinizin həyata keçməsi Ondan asılı olan, arzu və diləyinizin sonu olan, doğru yolunuz Ona tərəf olan və pənah və sığınacağınız O olan Allahdan qorxmağa tövsiyə edirəm. Çünki təqva və Allahdan qorxmaq ürəklərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun görməsi, cisimlərinizin xəstəliyinin şəfası, sinələrinizin fəsadının düzəlməsi, nəfslərinizin çirkinin təmizlənməsi, gözlərinizin örtüklərinin aydınlığı, qəlblərinizin qorxusunun əmin-amanlığı və (nadanlıq) zülmətlərinizin qaranlıqlarının nurudur. Buna görə də Allaha itaət və tabeçiliyi (bədənə yapışmayan) üst paltarı deyil, alt köynəyi kimi öz adətiniz edin. Və (hətta onu) köynəyin altında bədəninizin daxili bir hissəsi edin, əndamınızda gizlədin onu. (Xülasə, elə bir iş görün ki, sizin bütün bədən üzvləriniz Allaha itaətkar və tabe olsun.) İşlərinizdə Onu hakim bilin (bütün işlərdə Allahın əmr və qadağalarına tabe olun) və (onu qiyamətə) daxil olacağınız zaman üçün çeşmə, istəyinizi almaq vasitəsi, (çətin hadisələrdən) qorxu gününüz üçün qalxan, qəbirləriniz arasındakı çıraqlar, qorxu və vahimənizin uzunluğunda ünsiyyət yoldaşı və kədərli yerlərinizin yüngüllüyü təyin edin. Çünki Allaha itaət və tabeçilik üz tutan təhlükəli (və məhvə səbəb olan) yerlərdən, qarşıya çıxması gözlənilən qorxulardan və (günahkarlar üçün) yandırılmış odun istiliyindən qoruyucudur. Buna görə də kim təqva və pərhizkarlığı öz peşəsi etsə, çətinliklər ona yaxınlaşandan və üz tutandan sonra ondan uzaqlaşar; işlər acılıqdan sonra onun üçün şirinləşər; dalğalar (fitnə-fəsad) ardıcıl gəldikdən sonra ondan uzaqlaşar, çətinliklər incidərək əziyyətə saldıqdan sonra ona asanlaşar; lütf və ehsan (Allahın lütf və mərhəməti) qəhətlikdən sonra ona çoxalar; rəhmət və mərhəmət uzaqlaşdıqdan sonra ona üz tutar; nemətlər azalandan sonra ona artar və bərəkət az yağışdan sonra yağan dolu yağış kimi ona çatar. Belə isə Özünün (Qur’ani-Kərimdəki) öyüdləri ilə sizi bəhrələndirmiş, (peyğəmbərlər vasitəsi ilə) sizə Öz hökmləri ilə nəsihət vermiş və nemət verməsi ilə sizə minnət qoymuş Allahdan qorxun. Buna görə də Ona ibadət və bəndəlik üçün öz nəfslərinizi ram edin və Ona itaət haqqını yerinə yetirin (əmr etdiklərini yerinə yetirərək qadağan etdiklərindən çəkinib uzaq olun). (Təqva və itaətin vəsfindən) sonra (bilin), bu İslam Allahın dinidir ki, (O ondan başqasını bəyənmir və) onu Özü (Özünü tanıtdırmaq) üçün seçib, Öz qayğısı ilə bəsləyib, onun təbliği üçün yaratdıqlarının ən yaxşısını (Həzrət Peyğəmbəri-səlləllahu əleyhi və alih-) seçib və onun sütunlarını (qanun və hökmlərini) Öz məhəbbəti üzərində qurub. (Buna görə də Allahı sevən kəs İslamın hökmlərinə tabedir.) Onun izzəti ilə (başqa) dinləri xar və həqir (nəsx) edib; onun böyüklüyü ilə millətləri cılızlaşdırıb; onun qələbəsi ilə düşmənləri qədir-qiymətsiz və kiçik edib; onun köməyi ilə müxalifləri məğlub edib; onun sütunu (əsas kök və qanunları) ilə azğınlıq (nadürüst əqidələr) dirəklərini viran edib; teşnələri (elm və maarif susuzlarını) onun hovuzlarından doydurub; onun su daşıyanları (imamlar əleyhimus-salam) vasitəsi ilə hovuzları doldurub (Qur’ani-Kərimin ayələrinin təfsir, yozum və hökmlərinin yerlərini bəyan edib). Sonra onu elə (möhkəm və qüvvətli) edib ki, dəstəyi ayrılan və zəncirləri açılan deyil. Təməli viran, sütunları xarab olmaz. Onun ağacı yerindən çıxarılmayacaqdır. Onun müddətinin sonu yoxdur (qiyamətə kimi bərqərar olacaq və onu nəsx etmək üçün peyğəmbər göndərilməyəcəkdir). Hökmləri köhnəlməyəcək və budaqları sındırılmayacaq. (Heç vaxt hansısa bir alim, elmi əsaslarla onun hökmlərindən hansı birininsə düzlüyünü inkar edə bilməz.) Yolları daralmayacaq, asanlıqları çətinləşməyəcək, ağlığı qara, düzlüyü əyri, çubuğu əyilmiş, geniş yolu qumluq, çıraqları söndürülmüş və şirinliyi acılıq olmayacaq. Buna görə də İslam, Allahın onun təməlini haqda yerləşdirdiyi (batil və əyriliyin işləmədiyi) və özülünü möhkəm etdiyi sütunlardır. O, arxları su ilə dolu olan çeşmələr, işıqları parlaq olan çıraqlar, gedənlərin, vasitəsi ilə yol axtardıqları nişanələr, vasitələri ilə yollar tapılan əlamətlər və daxil olanların onlarla doyduqları (tabe olanların dünya və axirətdə xoşbəxt olduqları) bulaqdır. Allah razılığının sonunu, hökmlərinin ən üstününü, itaət və bəndəçiliyinin ən yüksəyini onda qoyub. Buna görə də Allah yanında bu dinin təməli möhkəm, binası uca, dəlili aşkar, işığı parlaq, səltənəti əziz və nişanələri ucadır. Onu yox etmək mümkün deyil. (Heç kəsdə onu məhv etmək və ya ona tənə vurmaq qüdrəti yoxdur.) Belə isə onu möhtərəm və böyük tutaraq ona tabe olun. Onun haqqını əda edin (əmrlərini yerinə yetirərək qadağan etdiklərinin ətrafına belə fırlanmayın). Onu öz yerinə qoyun (hökmlərindən heç birini dəyişdirməyin ki, dünyada ziyan görər, axirətdə isə əzaba düçar olarsınız). (İslam dininin şərafət və böyüklüyünün bəyanıdan) sonra (bil ki,) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (onun təbliği üçün) Məhəmmədi (səlləllahu əleyhi və alih) haqq olaraq göndərdi, o zaman ki, (çaxnaşma, giriftarçılıq və nahaq qan tökülməsinin çoxluğundan) dünyanın bitməsi (hər bir millətin dünyasının sonu, fəsad nəticəsində) yaxınlaşmışdı, (onların, ölümləri vasitəsi ilə) axirət işindən xəbərdar olmaları (onlara) üz tutmuşdu, onun şadlıq və sevinci parladıqdan sonra qaranlıqlaşmışdı, öz əhlini (çətinliklərə düçar etmişdi və çıxış yolu tapa bilmirdilər), onun yatağı narahatlaşmışdı və cilovu qatilin əlinə verilmişdi. Bu, müddətin sona çatdığı, (viranlıq) əlamətlərin(in) yaxınlaşdığı, əhalinin əldən getdiyi, halqanın sındığı, kəndirin qırıldığı, nişanələrin köhnəldiyi və məhv olduğu, eyblərin aşkar olduğu və onun uzun müddətinin qısaldığı zamanda idi. Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah o Həzrəti Öz peyğəmbərliyinin təbliğatçısı, ümmətin kəramətlilik amili, zəmanə əhlinin baharı (sevinci), köməkçilərin baş ucalığı və yardımçılarının izzəti etdi. Sonra ona Qur’anı nazil etdi. Qur’an, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa (çünki o, cismi və ruhi olmasından asılı olmayaraq qarşıya çıxa biləcək bütün xəstəliklərə şəfadır), yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Qur’an imanın mə’dəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Qur’an hər bir iş barəsində haqq olan hakimdir və ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə də Qur’andan başqasından olan hökm nadürüstdür).