Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/23-cü xütbə

Vikimənbə saytından
22-ci xütbə Nəhcül-bəlağə. 23-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
24-cü xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:) Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır. Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərlərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin. Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir: -Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır. -Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik. Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır. Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar. (Seyyid Rəzi buyurur:)

Deyirəm: غَفِيرَة bu xütbədə çoxluq mənasındadır. Necə ki, جمع كثير sözünün yerinə جَمُّ غَفِير və جَمّآءُ غَفِير deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً deyilmişdir. عَفْوَة yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.