Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/29-cu xütbə

Vikimənbə saytından
28-ci xütbə Nəhcül-bəlağə. 29-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
30-cu xütbə


İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir. Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır. Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və İmamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb. Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqqdan qeyrisinə tamah salırsnız?