Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/3-cü məktub
←2-ci məktub | Nəhcül-bəlağə. 3-cü məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
4-cü məktub→ |
İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya və dünya malına bel bağlamağın ziyanlarından danışıb). Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :
Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran və sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı və ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:
Bu, xar və həqir bəndənin, (mütləq öləcək və evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik və oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu və sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı isə dördüncü hasardandır.
İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb. Bu alıcıya aldığı şeydə satıcı tərəfindən dəyən (və onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn Yə’rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq və batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək. Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış və nəfsi istəklər əlində əsir olan kimsə isə bu sözlərə inanmaz və ona görə də onun düzlüyünə şəhadət verməz.)