Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/35-ci məktub
←34-cü məktub | Nəhcül-bəlağə. 35-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
36-cı məktub→ |
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr Misirdə öldürüləndən sonra Abdullah ibn Abbasa məktublarındandır. (Abdullah ibn Abbas o Həzrət tərəfindən Bəsrənin hakimi idi. İmam əleyhis-salam bu məktubu yazaraq onu Məhəmməd ibn Əbu Bəkrin şəhid edilməsindən və Əmr ibn As və Müaviyənin qoşununun Misiri ələ keçirmələrindən xəbərdar edib.)
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Misir zəbt edildi. (Müaviyənin qoşunu oranı tutdu.) Məhəmməd ibn Əbu Bəkr (Allah ona rəhmət etsin) şəhid edildi. Allahdan onun əvəz və əcrini istəyirəm. O bizim üçün xeyrimizi düşünən və mehriban övlad, zəhmətkeş məmur, iti bir qılınc və qoruyucu sütun idi. Mən xalqı həvəsləndirərək ona tərəf getməyə çağırır, öldürülməmişdən qabaq ona kömək etməyi əmr edirdim. Onları gizlin və aşkar şəkildə (ona kömək etməyə) çağırırdım. (Özü də) bir dəfə yox, dəfələrlə öz çağırışıma əvvəldən başlayırdım. Beləliklə, onların bəziləri nigaran və meylsiz halda gəlirdilər, bəziləri yalandan bəhanə gətirirdilər. Bir dəstə də öz yerində oturaraq etina etmirdi. Allahdan tezliklə məni onlardan nicat verərək xilas etməsini istəyirəm. Allaha and olsun ki, mənim düşmənimlə qarşılaşanda şəhid olmaq (Allah yolunda öldürülmək) arzum olmasaydı və ürəyimi ölümə qızdırmasaydım, heç vaxt bunlarla bir gün belə qalmaq və üz-üzə gəlib qarşılaşmaq istəməzdim. (Çünki bu cür insanlarla düşmənə qalib gəlmək mümkün deyil. Buna görə də naçar qalıb onlarla yaşayıram ki, qələbə qazanmasam da, şəhadət və Allah yolunda öldürülməyə nail olum.)