Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/5-ci xütbə

Vikimənbə saytından
4-cü xütbə Nəhcül-bəlağə. 5-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
6-cı xütbə


Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır. Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin. Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.)