Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/6-cı məktub

Vikimənbə saytından
5-ci məktub Nəhcül-bəlağə. 6-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
7-ci məktub


İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb). Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (beyətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) və ya (dində rəva olmayan şeyi ona daxil etmək Təlhə, Zübeyr və onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bid’ət nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə və) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar. Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!