Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/78-ci xütbə
←77-ci xütbə | Nəhcül-bəlağə. 78-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
79-cu xütbə→ |
İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əş’əs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır. O, Həzrətə ərz etmişdi:
Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
Həzrət buyurdu:
Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Qur’anı yalan sanar, İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin. Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər. Münəccim kahin kimi, kahin isə sehrkar kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.