Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/92-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
91-ci xütbə Nəhcül-bəlağə. 92-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
93-cü xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir: Allaha həmd və şükr etdikdən, Həzrət Peyğəmbərə salamdan sonra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum. Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı. Məni tapmayacağınız vaxt gəlməmiş (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun. And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə və ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az və ya çoxunu) doğru yola yönəldənlər və yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri və qovanları (hakimləri), onların endikləri və yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər və öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni tapmasanız (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq və bu pis hadisələrdən və çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə və nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik və əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər və daha uzun gələcək). Nəhayət, Allah-təala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq və camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini və nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. (Nə qədər ki, fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar və bir şəhərdən keçərlər. Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü və ən çətini) Bəni-Üməyyənin fitnəsidir. O, kor və qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə və dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla və çətinlikləri (pərhizkarlara və şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla və çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr və qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda və əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağarkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən və süd sağmağa qoymayan, soncuq atan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç nə verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən və ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər və ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası və hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən və tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq və namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat və hidayət üçün nə bir əlamət, nə də (haqq yolu üçün) görünən bir nişanə vardır. Biz Əhli-Beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-təalanın buyruqlarına uyğun rəftar edəcəyik) və həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-təala onları zəlil və xar edib zorla (ətrafa) dartacaq (bəla və müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər və qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz və zəlil olduqda) Qüreyş dünyanı və onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi və bu gün onların bəzilərindən istədiyim və mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar.