Məzmuna keç

Nənəm gözlərinə qurban

Vikimənbə saytından
Nənəm gözlərinə qurban
Müəllif: Aşıq Ələsgər
Mənbə: Ziyəddin Məhərrəmov, "Deyilən söz yadigardır...", Laçın yurdu, №3(14), 2014. Bakı, "Bəxtiyar-4", 2014. səh.37.

Sənəm oynar yerişiynən,
Süzgün-süzgün duruşuynan,
Alıqululu bu kişiynən
Sənəm, gözlərinə qurban,
Mənəm, gözlərinə qurban.
Əgər qayıl olursansa,
Nənəm gözlərinə qurban!

Sənəm gəlir asta-asta,
Qədəmləri gözüm üstə.
Şabaş tökənlər nə bəhsdə,
Sənəm, gözlərinə qurban,
Mənəm, gözlərinə qurban.
Əgər qayıl olursansa,
Nənəm gözlərinə qurban!

Mənzil uzaq, yollar çətin,
Saxlaram dostun hörmətin.
Saray, Telli, Güləbətin,
Sənəm, gözlərinə qurban,
Mənəm, gözlərinə qurban.
Əgər qayıl olursansa,
Nənəm gözlərinə qurban!

Bir dərd qaldı Ələsgərdə,
O Daşlılı Qələndər də.
Bütün qədir bilənlər də,
Sənəm, gözlərinə qurban,
Mənəm, gözlərinə qurban.
Əgər qayıl olursansa,
Nənəm gözlərinə qurban!