Məzmuna keç

Nəriman Nərimanovun Mart Qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub

Vikimənbə saytından
Nəriman Nərimanovun Mart Qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub
Müəllif: Nəriman Nərimanov
Mənbə: «Hümmət» qəzeti № 37, 3 aprel 1918-ci il

Yoldaş! Şəhərdə qalan müsəlmanlar öz səhvlərini düşündükdən sonra Şura hökumətini qəbul ediblər. Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yönü alıbdır. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir.

Sizə məlumdur ki, top tüfəng qüvvəti ilə alınmış hökumətin camaat arasında nüfuzu olmazsa çox yaşaya bilməz. Buna binaən var qüvvətiniz ilə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss eləsin ki, bu müharibəyə milli rəng verən qara qüvvə ilə Şura yoldaş deyildir. Gərək nəinki söz ilə, fel (iş –Red.) ilə bildirmək və göstərmək ki, “qara qüvvə” ilə siz açıq-açığına müharibə edirsiniz.

Mən sizə söz verirəm ki, şəhərdə müsəlman əhalisi tərəfindən Şura hökumətinə heç cəhətdən qorxu yoxdur. Müsəlmanlar təmiz (y)ürəklə hökuməti qəbul edib, sülh tərəfdarıdırlar. Hətta camaat özü kəndlərə adamlar göndərib, sülhə dəvət edir.

Bununla belə “qara qüvvə” indiyənədək müsəlmanlara hücumdan çəkinməyir.

Bir-iki gündə Şura hökuməti özünü bu qara vicdansız qüvvəyə göstərməsə, bən və yoldaşlarım sosialistlər iş başından çəkiləcəyik.

Mən artıq dərəcədə təvəqqe edirəm burada yazdığım sözlərə fikir verib, tezlik ilə müsəlmanların yaralı (y)ürəklərinə dərman tapılsın.

İkinci mühüm məsələ ərzaq məsələsidir. Müsəlman hissəsində müsəlmanların halı insanı çaşdırır. Aclarından fəqir-füqəra sinfi küçələrdə və talan olmuş evlərdə ölməkdədir. Şura hökumətinin nüfuzunu artırmaq üçün bu məsələyə artıq dərəcədə fikir verməlidir.

Yoldaşımız doktor N. Nərimanovun bu kağızlarına cavab olaraq yoldaşlarımız Şaumyan və Caparidze xahiş edirlər ki, müsəlman sosialistləri ilə bir yerdə bu məsələlər müzakirə olunsun. İclas təyin olunur. “Hümmət” və müsəlman inqilabiyyun (eser – Red.) firqələrinin nümayəndələri Şaumyan və Caparidze ilə bu məsələlərə baxırlar.

Təklif olunan suallara Şaumyan cavab verib deyir: “Qara qüvvəyə” müharibə elan olunubdur. Fəqət bizi hazır çaşdıran dağıstanlılar tərəfindən olunan hücumdur. Bununla belə biz var qüvvətimiz ilə çalışırıq ki, Şura hökuməti ədalətini göstərsin. Bu yavuq vaxtda müsəlmanlar bunu görüb hiss edərlər.

Siz əmin olunuz, Şura hökumətini qəbul edən müsəlmanların hüququna heç bir yerdən təcavüz oluna bilməz. Bunları mühafizət etmək üçün Şura hökumətinin qüvvəsi vardır.

Caparidze: Bən öz tərəfimdən Şaumyanın sözlərini təsdiq edib deyirəm: bilsəm ki, müsəlmanlar bana inanırlar, qeyr işlərimdən əl çəkib, müsəlman hissəsinin əmin-amanlığını öz əlimə alardım.

Müsəlman sosialistləri: Biz yoldaşımız Caparidzedən təvəqqe edirik cürət ilə bu işə girişsin. Biz açıq-açığına deyirik, Şaumyan və Caparidzenin müsəlman arasında nüfuzu var.

Bu iclasdan bir gün sonra müsəlman sosialistləri iclas çağırıb, qət edirlər ki, rəsmi surətdə inqilabiyyun komitəsinə bir neçə təkliflər etsinlər.

1) Erməni milli komitəsi buraxılsın. 2) Bu milli komitəyə tabe olan milli qoşun ya buradan çıxsın, yainki büsbütün Şura hökumətinə tabe olsun. 3) Müsəlman hissəsinə qarovul müsəlman krasnı qvardiyalardan qoyulsun. 4) Ərzaq məsələsində müsəlman hissəsinə artıq dərəcədə diqqət olunsun.

Və bir neçə cüzi təkliflər olunur.