Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubu

Vikimənbə saytından
Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubu
Müəllif: Nəriman Nərimanov
Mənbə:

Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları,

Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imerialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur.

Siz və həmfikirləriniz mənimlə siyasi düşmən olduğunuza baxmayaraq mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım. Mən bu fikirdə idim ki, doğrudan da hamını birdən-birə döndərib beynəlmiləlçi etmək olmaz. Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Hətta, mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın sürətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kim, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar?

İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız.

Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz? Təkrar edirəm: ingilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) bir ovuc zavod sahibinin və mülkədarın mənafeyinin müdafiə edənlərsiniz.

Məgər həqiqətdə belə deyilmi? Siz Azərbaycanı həqiqətən sevsəydiniz, həmişə dediyiniz kimi, ümumiyyətlə müsəlmanların əsil müdafiəçiləri olsaydınız, müsəlman kütlələrilə heç vaxt belə rəftar etməzdiniz… Lakin, mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş.

İndi ingilislər gedirlər. Onlar ona görə getmirlər ki, siz onları məcbur edirsiniz; yox, buna səbəb odur ki, İngiltərədə iğtişaş vardır. Lakin onlar gedirkən sizi İtaliyanın əlinə ötürmək istərdilər (ah nə rəzalət!), lakin İtaliya özü də bu saat özünü o yan bu yana ata bilməz, çünki orada da çox qarışıqlıq vardır. İngiltərənin məqsədi sizi elə əllərə verməkdir ki, siz Sovet Rusiyası ilə əlaqədə ola bilməyəsiniz. Bunların hamısı sizə, əlbəttə, məlumdur. Nəhayət, İngiltərə möhkəm ümid edəcəyi bir adam tapmışdır ki, o da Denikindir. Sizin fikrinizi bilmirəm, lakin biz əminik ki, Denikin Bakıya İngiltərənin razılığı ilə hücum edir.

Budur, siz burda bir cəsarət göstərirsiniz, Denikinə qarşı müharibə elan edirsiniz.

Əcəba sizi belə hərəkət etməyə məcbur edən nədir? Mən burada fəhlələrin təzyiq göstərməsindən danışmaq fikrində deyiləm; yox, mənim məqsədim sizin ürəyinizin gizli sirlərini bilməkdir. Burjuaziya üçün bunun qətiyyən heç bir fərqi yoxdur; ona eyş-işrətli və arsız həyat lazımdır, bu isə Denikin vaxtında da olacaqdır.

Lakin siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlar Denikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-müəssisanız cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır.

Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. Mən inanıram ki, əgər ingilislər kimi Denikinin də Sovetlər Rusiyası ilə əlaqədə olmamaq şərtilə sizi rahat buraxacağından arxayın olsaydınız, o zaman o alçağı duz-çörəklə qarşılardınız. Sizin bütün siyasətinizi mən belə təsəvvür edirəm.

Lakin əmin olun ki, Denikini, Gürcüstanla birlikdə siz yox, Sovetlər Rusiyası əzəcəkdir. Kolçak darmadağın edildi. Tezliklə Denikinin də axırına çıxılacaqdır.

Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir.

Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır…

Lakin siz özünüzə bununla haqq qazandıra biləcəksiniz ki, qonşularınız olan ermənilər və gürcülər belə etmişlər. Onda sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası barəsində xüsusi mövqe tuturdu?

Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz, halbuki, sizin tərəfinizdən heç bir qurban verilmədən onlar sizə əsrlər boyu davam etmiş çar zülmündən azad olmaq imkanı yaratmışdılar.

Bu sualı Ermənistana və Gürcüstana deyil, sizə verəcəklər.

Siz isə heç bir cavab tapmayacaqsınız. Yalnız bunu deyə biləcəksizniz ki, siyasətdən xəbərsiz olduğunuz üçün bilmirdiniz ki, qüdrətli Vilhelm tac-təxtdən məhrum olacaq, Türkiyə öz istiqlaliyyətini itirəcək, siz öz müqəddəratınızı yenə Sovet Rusiyası ilə bağlamalı olacaqsınız.

Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürün. O, daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini Moskvaya göndərir və artıq orada Sovetlərə tərəfdar olmaqdan danışılır.

Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan sovetlərə tərəfdar olduğunu bildirərsə (bu məhz belə də olacaqdır), onda sizin vəziyyətiniz necə olacaq?

Qulaq asın, Nəsibbəy! Bilmirəm, bu məktub sizə çatacaqmı, amma bilirəm ki, bu sətirləri yazmağa məni vadar edən hislər mənə əzab verməyəcəkdir, ona görə ki, mən nə etməli idimsə, onu etmişəm. Siz və həmfikirləriniz mənim həyatıma bələdsiniz. Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusilə də Bakıya vermişəm. 25 illik ictimai-ədəbi fəaliyyətimdən sonra lap əldən düşmüşəm və bir ayağım gordadır. Mən tam inamla deyirəm: bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır…

Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər.

Belə bir prespektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi…

Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun! Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız, bununla da müsəlman kütlələrini yaxın gələcəkdə gözlənilən yeni ağır sınaqlardan qurtarmış olarsınız.

Qoy bu tarixi bir sənəd olsun. Siz öz həmfikirlərinizlə bu sənədə etina etməsəniz, əminəm, yaxın vaxtlarda həmin sənədi Azərbaycan respublikasının fəhlə və kəndliləri qarşısında oxumağa imkan olacaq və onlar görəcəklər ki, kimin ürəyi onların səadəti üçün belə səmimi və həyəcanla çırpınırdı.

Nəriman Nərimanov
16 iyul 1919-cu il
Həştərxan