Nəyə lazım

Vikimənbə saytından
Nəyə lazım
Müəllif: Aşıq Qoca


Həvəs ilə girsən dostun bağına,
Almasız, heyvasız bağ nəyə lazım?
Bülbül cəh-cəh vurar, bağı dolanar,
Zövqsüz, səfasız, çağ nəyə lazım?

Yaxşı dost, dostunu gündə görməsə,
Əl uzadıb qonçə gülün dərməsə,
Cavan cananına könül verməsə,
Qiybət, min yalan söz, lağ nəyə lazım?

Qocanın münasib varı olmasa,
Yaxşı həmdəm, vəfadarı olmasa,
Bir iyidin gözəl yarı olmasa,
Dünyada qalmağı sağ, nəyə lazım?