Məzmuna keç

Naşükür qız

Vikimənbə saytından
Nağıllar. Naşükür qız
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varıymış, biri yoxuymuş, Allahın bəndələri çoxuymuş. Raviyan belə rəvayət eliyir ki, əyyamı qədimdə bir paçcah varıymış. Bu paçcahın gözünün ağı-qarası, aman-zaman bircə qızı varıymış. Bu qızın gözəllixdə tayı-baravarı yoxuymuş. Paçcah qızını o qədər çox isdiyirmiş ki, onnan ötəri ayrıja bir qəsr tixdiripbiş. Bu qıza qırx incə belli gözəl xanım qulluğ eliyirmiş. Qızın ağzınnan ağ çıxsa ağ, qara çıxsa qara, hamısını paçcah hazır eliyirmiş. Elçilərin də ki, gündə biri gedif, mini gələrmiş. Elçi daşının üsdü heş vaxt boş olmazmış. Munnan belə qız həməşə gününü ah-vaynan keçirir, baxdınnan gileylənərmiş. Günnərin bir günündə qız qırx incə belli xanımnan özünün gülüzar bağına seyrə çıxıpbış. Onun nazı-qəmzəsiynən oynuyan qırx incə belli qız bağda nə qədər gülüf oynuyullarsa da, qızın eynini aça bilmillər. Qız elə baxdınnan gileylənif gözünün yaşını tökərmiş. Həməşə qız xanımların gözünnən yayınıf, bağın bir küncünə çəkilif qəmli-qəmli oturarmış. Gənə günnərin birində paçcah qızı öz qul-qaravaşıynan bağa seyrə çıxıpbış. Qızdar gənə həməşəki kimi başdadılar çalıf-oynamağa. Buların başı qarışanda qız gözdən oğurranıf özünü verdi bir sakitdiyə. Elə bu vaxd bir də gördü kü, göydən bir yekə qara quş enif, onu aldı ciynaxlarına. Quş qalxdı göyə. Bu işdən heş kimin xəvəri olmadı. Quş uça-uça qızı aparıf, bir qalın meşədə yerə qoydu. Bir zaman qızdar başdarını qaldırıf, görüllər ki, xanım yannarında yoxdu. Pütün bağı pitpit eliyillər, qızı tapa bilmillər. Axırda gəlif paçcaha xəvər verillər ki, bəs hal-qəzyə qızın bağda gəzdiyi yerdə yoxa çəkilif.

Paçcah bu xəvəri eşidən kimi bir başına döyür, bir dizinə döyür. Vəzir-vəkil səsə-küyə tökülüf, deyillər:

– Ey qibleyi-aləm, başına-gözünə döyməxdən bir şey çıxmaz, burda tədbir lazımdı.

Bir təhər paççah sakit eliyif, hər yerə atdılar, carçılar salıllar. Heş kim qızdan xəvər-ətər gətirə bilmir, elə bil qız bir yağlı əpbəy oluf göyə çəkilif.

Paçcahı burda qoyax, görəx qız meşədə neyliyir. Qız meşədə otdan-alafdan, merdən-meyvədən yiyif, kejələr də çıxıf, bir ağacın başında yatarmış. Qırx günüymuş kü, qız günüzdər yol gedif, gejələr hündür ağaşdarın başında yatarmış. Bir gün ağaşdan baxıf görür kü, uzaxda dağın döşündə bir çovan qoyun otarır. Cannı tişinə tutuf gedir çovanın yanna. Salam verif deyir:

– Ey çovan qardaş, ajam, maa bir az süd verərsənmi içəm?

Çovan o saat bir sərniş süd sağıf qıza verir. Qız südü içif, bir az gözünə işıx gələnnən sonra deyir:

– Çovan qadraş, sənnən bir xaişim var, köhnə-kürüş paltarrarınnan varsa bir dəsini maa ver. Əvəzində bu bazubəndimi1 saa verərəm. Qız bazubəndini açıf çovana verir. Çovan köhnə paltarının birini çıxardıf qıza verir. Bir qoyun dərisini də yumurruyuf, qıza papax düzəldir. Qız çovannan çox razılığ eliyif, başdıyır şəhərə tərəf gəlməyə. Üş gün, üş kejə yol gəlif bir şəhərə çatır. Şəhərdə bir çayçıxanıya rasd olur. İçəri girif çayçıya deir:

– Qardaş, məni şəyirt götürərsənmi?

Çayçı deir:

– Niyə götümürəm?

Qız deyir:

– Çayçı qardaş, amba yatmağa yerim yoxdu, gərəx kejələr mana çayçıxanıda yer verəsən.

Çayçı razı olur. Qız, oğlan paltarında bir neçə müddət tükəndə çay paylıyır. Heş kim onun qız olduğunu bilmir. Günnərin birində qız kejə çayçı tükənində təhcə qalıf istəkan-nəlvəkiləri silirmiş. Birdən eyləri, ata-anası yadına tüşüf ürəyi köyrəlir. Başdıyır gənə öz baxdınnan küsüf giley eləməyə. Qız fikirri-fikirri bir döyrə bardax götürüf yerinə qoymağ isdiyəndə əlinnən salıf hamsını çilix-çiliy eliyir. Savağ açılır, çayçı tükənə gəlir. Görür kü, iyirmi-otuz bardağı qırılıf. Ajığı tutur qızı o ku var əngəzdiyif qoyluyur. Yazıx qız gözünün yaşını tökə-tökə tükənnən çıxır, bilmir hara getsin, dərdini kimə desin. Axırda əlacı kəsilir, bir yolun ağını tutur, başdıyır getməyə. Az gedir, çox gedir, bir də görür kü, şəhərdən çıxıf. O üzə, bu üzə boylanıf bir dəvə karvanı görür. Allaha təvəkkül eliyif karvana sarı gedir. Görür kü, soydayarrar karvannan mal aparıllar. Qız yalvar-yapış eliyif deyir:

– Qəriv adamam, heş kimim yoxdu. Hara gedirsinizsə məni də özünüznən aparın. Yolda sizə nökərçiliy eliyərəm.

Soydayarrarın muna yazığı gəlir. Özdərinnən onu da aparıllar. Soydayarrar o qədər yol gedillər ki, şər qarışır, axşam olur. Dəvələri bir tərəfə çəkif başdıyıllar yatmağa. Qız bulara etivar eləmir, xeyli aralı bir yerdə yatır, səhər sübh tezdən ala qarannıx karvan yola tüşür. Karvan gedənnən bir xeyli sora qız yuxudan ayılır. Baxıf görür karvan nə gəzir, lələ köçüf, yurdu qalıf, ha o yana, bu yana boylanır karvanı görə bilmir. Kor-peşman başdıyır yol getməyə. Qız az gedir, çox dayanır, çox gedir, az dayanır, dağlar aşır, dərələr keçir, gəlif gənə bir böyüx meşiyə çıxır; bir müddət meşədə gün keçirir. Üsdü-başı tamam tökülür. Günüzdər meşədə cincilimnən, əmənköməncidən, dağ əzgilinnən, cır almadan, armutdan yiif bir təhər dolanır. Gejələr də çıxıf ağacın başında yatarmış.

Qızı meşədə qoyax, indi sizə xəvər verəx kimnən, bu vilayətin paçcahının oğlunnan. Paçcahın oğlu bir gün meşiyə ova çıxıpbış. Oğlanın qabağınnan qəfildən bir maral hopbanıf qaçır. Oğlan ox-kamannı götürüf maralın dalınca qaçır. Nə qədər qoluyursa tuta bilmir. Maral gözdən itif gedir. Oğlanın hər yerdən əli üzülür, başdıyır qayıtmağa. Yolun ağzında bir bulağa rasd olur. Əyilir bulaxdan su işməyə. Baxır kı, suyun üzündə bir oğlan şəkli görünür. Tez başını qaldırır görür kü, ağacın başında bir cavan oğlan uşağı var. Əl atır oxa-kamana ki, onu vursun, oğlan başdıyır yalvarmağa:

– Səni and verirəm Allaha, məni öldürmə. Yerim-yurdum yoxdu, odu ku, burda qalmışam.

Paçcah oğlu deir:

– İndi ki elədi, tüş ağacın başınnan aşağı.

Qız ağacın başınnan tüşəndə papağı yerə tüşür. O saat hörüxləri açılıf çiynnə tökülür. Paçcah oğlu görür kü, bu gözəl-göyçəx bir qızdı. Odu ku, deyir:

– Ay qız, de görüm sən kimsən, hardan gəlif, hara gedirsən?

Qız başına gələn əhvalatı tamam başdan-əyağatan söylüyür. Oğlanın qıza yazığı gəlir. Onu da özünnən yanına salıv öylərinə aparır. Qul-qaravaşdara tapşırır ki, onun üst-başını dəyişdirsinnər. O saat qızı hamama aparıf çimizdirif, üst-başını dəyişdirillər. Başdan-əyağa zərzibeynən bəziyillər. Gətirillər öyə. Aradan bir müddət keçir. Paçcah oğlunun yadına tüşür kü, gedim görüm o, qız nejə oldu. Oğlan qapıdan içəri girif qızı görəndə öz gözünə inammır. Görür, qız nə qız, elə bil ay parçasıdı. Qızın üzünə baxanda onun gözəlliyinnən oğlanın gözdəri ğamaşır. İsdiyir danışsın, nitqi tutulur. İrəli durmağ isdiyir, qılçaları əsir. Oğlan bir könüldən min könülə qıza aşiq oluf, məhəbbət bağlıyır. Oğlan bir təhər qızın yanınnan çıxıf gedir. Qızın dərdi bir günün içində oğlanı hayva kimi saraldır. Oğlan kejə savaha kimi fikirinnən yata bilmir. Sabağ açılan kimi oğlan canını tişinə tutuf, qızın yanına gəlir. Dərdini açıf ona söylüyür. O vaxdan hər gün xəlvəçcə görüşüllər. Bu əhvalatı oğlanın atası eşidir. Odu ku, oğlunu yanına çağırıf deyir:

– Oğul, bu nə əhvalatdı? Eşitmişəm ki, meşədən tapdığın qıza məhəbbət bağlıyıfsan? Bizim adımıza yaraşarmı ki, əsli-nəcabətini tanımadığımız bir qızı ojağımızın başında oturdax, sümüyümüzü onun sümüyünə calıyax? Gəl səni baş vəzirin qızınnan öyləndirim.

Paçcah nə qədər dəlil-dəlalət elədisə, onun sözdəri oğlunun beyninə batmadı. Oğlan dedi:

– Ey ateyi-mehriban, üzümün suyu tökülsə də gərəx düzünü deyəm. Mən meşədən gətdiyim qızdan savayı heş kimnən öylənmiyəjəm.

Paçcah gördü kü, ayrı çarə yoxdu. Qırx gün, qırx gejə toy eliyif, oğlunu meşədən gətdiyi qıznan öyləndirdi. Aradan doqquz ay, doqquz gün keçənnən sora oğlanın bu qızdan bir qəşəng oğlu oldu. Böüx məclis quruldu, addı-sannı adamlar, vəzirrər-vəkillər, loğmannar, rəmmallar, dərvişdər yığılıf uşağa ad qoydular. Qullar, qaravaşdar, nökərrər- nayıflar qıznan uşağı elə əzizdədilər ki, elə bil bular göydən qızıl zəmbilnən tüşüflər. Əri də ki, laf onnan ötəri sinoy gedir. Günününgüzarının belə xoş keşməyinə baxmıyarax qız gənə də öz baxdınnan nəyrazılığ eliyirmiş. O, bir gejə yatıf, səhər yuxudan ayılanda gördü kü, uşağı yanında yoxdu. Qız əhvalatı ərinə söylüyür. Xəvər gedir paçcaha çatır. Hər yeri axtarıllar, uşaxdan əsər tapılmır ki tapılmır. Bir ildən sora qızın bir oğlu da olur. Aradan bir neçə gün keçir. Gejənin bir vaxdı bu uşax da yoxa çəkilir. Səhər duruf görüllər ki, ananın həm əli, həm də ağzı qandı. Bu əhvalat da hər yerə yayılır. Paçcah qızdan şübhələnir. Qız nə qədər and-aman eliyirsə, heş kim onun sözünə inammır. Paçcah vəzirini çağırıf deyir:

– Vəzir, bu qızı aparıf, meşədə öldürüf, qannı köynəyini maa gətirərsən.

O saat vəzir əlini gözünün üsdə qoyuf deyir:

– Şahim, sənin əmrini günü büyün yerinə yetirəjəm.

Vəzir qızı qavağına qatıv, aparır bir meşiyə. Vəzir çox ağıllı, həm də insaflı adamıymış. O, başa tüşür kü, heş ana öz öyladını öz əlinnən öldürməz. Görəsən burda nəsə bir sirr var. Odu ku, qızı meşədə buraxıf deyir:

– Bala, çıx bu torpaxdan get. Baxtına nə çıxar-çıxar. Ya yolda qurda-quşa rasd oluf, ölərsən, ya da axırın bir tərəfə çıxar.

Vəzir meşədə bir quş vuruf, qızın köynəyini də quşun qanına batırıf paçcaha gətirir. Paçcah qannı köynəyi görüf, elə bilir ki, qız ölüf. Bəli, vəzir o tərəfə gedənnən sora qız qalır meşədə gənə təktənha. Yazıq bilmir hara gessin, neyləsin, başına nə çarə qılsın. Odu ku, meşədə bir balaca cığırı tutuf başdıyır getməyə. Bir də görür kü, qavaxda bir kişi bir şələ tikən aparır. Qız isdiyir ki, onnan yolu xəvər alsın, amba ürəy eləmir. Fikirləşir ki, mən nə tanıyıram bu kimdi, oğrudu, quldurdu nədi? Mən də ki, tək-tənha bir qız, yanımda bir innicinni yox, özü də ki, meşədə. Odu ku, kişini çağırıf səsləməy istəmədi. Qavaxda gedən kişi dalınca bir hənirti gəldiyini eşitdi. Dönüf geriyə baxdı, gördü kü, bir qız xaylağıdı. Qız kişini görən kimi tez özünü verdi bir ağacın dalına. Kişi gördü kü, qız onnan gizdənir. Bir söz demiyif, başdadı yolunnan getməyə. Bir azdan sora qız ağacın dalınnan çıxıf sinəsinə gənə kişinin dalınca getdi. Kişi bir də dönüf geri baxdı. Bu gənə özünü ağacın dalına verdi. Kişi qızın gizdəndiyini görüf dedi:

– Ay bala, mən uşax-zad döyüləm ki, mənnən gizdənpaç oynuyursan. Qız gördü kü, kişi bunu görüf, özünə ürəx-dirəx verif gəldi onun yanına. Kişi dedi:

– Ay bala, bu nə işdi eliyirsən, mənim dalımca gəlirsən. Sənin buralarda nə işin var, kimsən?

Qız dedi:

– Yolumu azmışam, şəhəri tapa bilmirəm. Sənnən də qorxurdum yolu soruşmağa. Odu ku, orda-burda gizdənirdim.

Kişi gördü kü, qızın bəti-bənizi, rəngi-rufu qaçıf, özü də ki, üsdübaşı cırıx-cındır, əyaxyalın, başı açıx, qızdan gözü su işmədi. Odu ku, dedi:

– Qızım, gəl düzünü de, sən yoldan azana oxşamırsan, lap meşə adamına oxşuyursan. Kişi qızı dilə tutdu ki:

– Ay bala, səni hara desən ora apararam, gəl dərdini aç maa söylə. Görürəm ki, dərtdi adama oxşuyursan?

Qızın ürəyi yumşaldı, bir ah çəkif başına gələn bütün qəzavüqədəri açıf söylədi. Qız tamam dərdini söylüyənnən sora kişi dedi:

– Qızım, sən özün paçcah qızı olufsan, paçcah oğluna ərə gedifsən, həməşə də var-dövlət, zər-ziba içində yaşyıfsan, qırx incə belli qulqaravaşın oluf, həməşə də baxtınnan gileylənif şikayətdənifsən. Pütün bu işdər də naşükürrüyünə görə sənin başına gəlif. Sən gəl bu naşükürrüxdən əl çək. Onda pütün işlərin düz gedər.

Kişi gördü kü, qız onun sözünə əhmiyyət vermir. Odu ku, dedi:

– Qızım, indi qulağ as, mən də öz baxdımnan, güzəranımnan danışım, onnan sonra bilərsən ki, sənin işin niyə düz gətimir. Kişi dedi:

– Qızım, mənim sənətim tikənçiliy iydi. Hər gün meşədən bir şələ tikən qırıf gətirif iki quruşa satardım. Nə qədər eliyərdim gündə iki quruşdan artıq qazana bilməzdim. Odu ku, öz-özümə gileylənərdim. Bir gün gənə palçığa, batdağa bata-bata bir şələ tikən qırıf iki quruşa satmışdım. Öz-özümə deyinirdim ki, bu nə gün-güzərandı mən keçirirəm. Ya mənim iki quruşum arteydi, ya da dönüf bir quruş oleydi. Həmən gejə yatıf yuxuda gördüm kü, bir nurani kişi başımın üsdündə peyda oluf dedi:

– Oğul, bu günnən sənin qazancın gündə bir quruş olajax. Mən bu sözdəri eşidən kimi yuxudan ayılıf dix qalxdım. Həmin günü gedif meşədən bir qom tikən qırdım, apardım satmağa. Bir də gördüm kü, bir tacir küçə qapısınnan səsdiyir ki, ay tikənçi, ay tikənçi bura gəl!

Mən getdim tacirin qapısına. Gördüm içəridə bir vurhavurdu ku, çalan kim, oynuyan kim, gülüf danışan kim, hamı qatışıf bir-birinə. Demə burda toyuymuş. Məhlədə yeddi qara qazan aş asılmışdı. Tacir əmr elədi ki, tikənnəri qazannarın altına atım. Tikənnəri atdım qazanın altına. Tacir çıxardıf maa on quruş pul verdi. Özümə də dedi ki:

– Oğul, görürəm yaman əlli-əyaxlı uşağa oxşuyursan, gəl toyda bir az qav-qacaq daşımağa kömək elə, özün də doyunca yi! Mən razı oldum. O gejə tacirin toyunda qaldım. Tacirin qızını köçürdülər getdi, savağ açıldı. Mən durdum ku, gedəm, tacirin arvadı ərinə dedi:

– A kişi, qızımızı köçürdük getdi. İndi daha ayrı oğlumuz, uşağımız yoxdu, elə gəlsənə bu uşağı özümüzə oğulluğa götürək, qalsın bizdə.

Kişi arvadının sözünə razı oldu. O günnən məni saxladılar öz öylərində, mənim də heş kimim yoxuydu deyin oların yanında qalmağa razı oldum. Gənə hər gün gedif meşədən bir şələ tikən qırıf gətirif satırdım. Amba kim tikəni alırdısa dimməz-söyləməz çıxardıf on quruş veryirdi. Mən bu işə tamam məhəttəl qalmışdım. Bəli, günnərin bir günündə tacirin yoldaşdarı gəldilər ki, savax ticarətə gedirik hazırraş. Tacir dedi:

– Deyəsən bu dəfə mən gedəsi olmuyajam.

Dedilər bəs niyə?

Tacir dedi:

– Bərk azarranmışam, sətəlcəm olmuşam. Odu ki, gedə bilmirəm. Tacirin arvadı dedi:

– A kişi, bir az puldan-zatdan ver, qoy bu uşağı göndərək gessin. Tacir dedi:

– Ay arvad, o tikənçinin biridi, nə bilir alış-veriş nədi, aparar pulları- zadı batırar.

Arvad dedi:

– A kişi, uşağ olanda nolar? Bir az sən pul ver, yoldaşdarın da köməxdən- zaddan eliyər. Görək nə çıxar.

Tacir maa çıxardıf yüz tümən pul verdi, qoşdu o biri yoldaşdarına. Bular başdadılar yol getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, tamam qırx gün, qırx kejə yol getdilər. Mən hələ mənzilə çatmamışdım, pullarımın yarısınnan çoxunu xaşdamışdım. Yoldaşdarım nə qədər öyüd-nəsihət elədilər ki, ay bala, sən alverə gedirsən, o pulları havayı yerə xaşdama, mal almağa pulun qalmıyajax. Nə qədər dedilərsə, mən oların sözünə baxmadım. Bəli, gəlif çıxdıx Yəmən şəhərinə. Yoldaşdarım hərəsi bir tərəfə dağıldı. Mən də bir karvansarada özümə bir hücrə tutdum. Kejənin bir vaxtı gördüm yanımdakı hücrədən zığıltı səsi gəlir. Duruf getdim ora, gördüm zığıldıyan bir tacirdi, yazıx elə sətəlcəm oluf ki, can üstədi. Ha-hadı kı, canını tapcırsın. Tez bunun boynunu, belini ovuşdurdum. Güj-bəleynan bir istəkan qaynar çay içirtdim. Hannan-hana bir az kişinin dili açıldı. Tacir gördü kü, mənim ona yazığım gəlir, özü də gejənin yarısınnan oturmuşam yanında, əvəzində maa yaxşılıq eləməkdən ötəri dedi:

– Oğul, mənim heş kimim yoxdu. Ölsəm varım, döylətim onamuna qalajax. Görürəm ki, sən çox rəhmli adamsan. İndi bil və agah ol ku, mən tacirəm, özüm də yüz tay düyü gətirmişəm satmağa, hamısı paçcahın karvansarasındadı. Hər tayın içinə bir kisə qızıl gizdətmişəm. Bu işdən heş kimin xəvəri yoxdu. Bu sirri bircə saa deyirəm. Onda bu gejə mən ölüf canımı tapcırajam. Mənim öldüyümü eşidən kimi həmən düyüləri başdıyajaxlar satmağa, onda gedif əvvəlcə neçiyə desələr bir tayını alıf gətirərsən olduğun yerə, özdərinə də tapcırarsan ki, düyünü heş kimə satmasınnar, savax gəlif hamısını aparajam. Elə ki, bir taydüyünü gətirdin, içindəki qızılı çıxardıf onun puluna gedif yerdə qalan tayların hamısını alarsan, hər tayın içində bir kisə qızıl var, ollar hamısı olar sənin.

Tacir elə bu sözdəri deyif qutaran kimi gözdərini yumuf öldü. Mən savah açılan kimi taciri dəfin-kəfin eliyif aparıf qavırsannıxda basırdım. Tacirin ölüm xəvəri paçcaha çatan kimi başdadılar car çəkməyə ki, bəs filan tacir ölüf, onun yüz tay düyüsü qalıf, kim almağ isdiyirsə gəlsin şah karvansarasına. Mən o saat özümü saldım ora. Tacir tapcırdığı kimi əvvəlcə bir tay düyünü alıf gəldim öz hücrəmə, açıf içindəki qızılları götürdüm. Həmən qızılnan gedif yerdə qalan doxsan doqquz tayın da hamısını aldım. Bir-iki günnən sora düyünü dəvələrə üklüyüf öz şəhərimizə yola düşdüm. Məni özünə oğulluğa götürən tacir bu cür gəlişimi görüf məhəttəl qaldı, dedi:

– Oğul, mən saa yüz tümən pul vermişdim, verdiyim pul hara, bu dəm-dəsgah hara, bu qədər düyünü hardan aldın?

Mən dedim:

– Hələ bu harasıdı? Hər tayın içində bir kisə də qızıl var. Tacir bu sözü eşidəndə söyündüyünnən az qaldı bağrı çatdasın. Qərəz, karvanı yerbəyer eliyənnən sora qızılları çıxardıf yarı böldük. Həmin qızıllarnan bir qəşəng imarət tikdirdim ki, heş paçcahın da elə imarəti yoxuydu. O, günnən sora elə həra gedirdimsə, elə bil pulu başımnan tökürdülər. Bir gejə yatmışdım, aləmi-röyada bir də gördüm ki, həmən nurani kişi gənə başımın üstündə duruf gülür. Birdən dedim:

– Ey qoca baba, yadındadımı bir vaxt mən öz baxdımnan saa şikayət eləmişdim. Sən də demişdin ki, get innən belə sənin qazancın gündə bur quruşdan artığ olmuyajax. Bəs sənin o sözün hara, mənim bu cahi-cəlalım hara?

Nurani kişi dedi:

– Oğul, mən saa deyəndə ki, sənin, iki quruşunu bir quruşa endirdim, sən bu işdən narazı olmadın, ax-uf eləmədin. Mən gördüm ki, sən naşükür adam döyülsən. Odu ku, səni dövlətdəndirdim. İndi mənim o qədər varım-devlətim var, amma gənə naşükürlüy eləmərəm, hərdən bir öz köhnə sənətimi də yadımnan çıxartmıram. Gəlif meşədən tikən qırıf aparıram. İndi mənnən saa amanat, nə badə baxdına təpik atasan, onda işin düz gətirmiyəjək.

Bu sözdər qızın ağlına batdı. Qız dedi:

– Sən düz deyirsən. Mən çox naşükürrük eləmişəm.

Kişi başına gələn əhvalatdarı söylüyüf qutarannan sora dedi:

– Qızım, sən deyirdin ki, yolu azmışam, indi mən şəhərə gedirəm, gedirsənsə, gəl səni də aparım.

Qız fikirləşdi ki, üsdü-başı cırıx-cındır, ələm-yesir kökündə şəhərə getsə, hamı onu huyluyar. Ürəyində fikirləşdi ki, yəqin şəhər yaxındadı, qoy kişi getsin, qarannıxlaşanda bir təhər gedərəm, bəlkə görən-eliyən olmaz. Odu ku, dedi:

– Əmi, çox sağ ol, indi yolu tanıdım, sən get, bir azdan sora özüm bu cığırı tutuf gələrəm.

Kişi qızı meşədə qoyuf qayıtdı öyünə. Elə kişi yenijə getmişdi ki, qız gördü kü, qavağına bir qoja qarı çıxdı. Qız söyünə-söyünə qarının qavağına yüyürdü, dedi:

– Ay qarı nənə, Allah səni nə yaxşı yetirdi, de görüm bu meşədə sən nə gəzirsən?

Qarı gülə-gülə dedi:

– Qızım, hələ sən de görüm buralarda nə gəzirsən, sora mən deyərəm. Qız başdadı başına gələn əhvalatı söyləməyə. Elə qız bir-iki kəlmə danışmamış qarı dedi:

– Qızım, mən səni sınamaxdan ötəri deyirdim ki, sən buralarda nə gəzirsən. Onsuz da mana hər şey agahdı. De görüm gənə baxdınnan şikayətdənirsənmi?

Qız gördü kü, qarı bunun ürəyini bilir. Odu ku, dedi:

– Qarı nənə, innən belə nə günə tüşsəm də baxdımnan giley-güzar eləmiyəjəm.

Qarı gördü kü, qız bu sözdəri ürəkdən deyir, odu ku, onu yanına salıf apardı özü olduğu yerə. Qarının olduğu yer meşənin içində hündür bir dağın təpəsindeydi. Dağı çıxmağa heş yerdən yol yoxuydu, hər tərəfi sıldırım qayalığıydı. Bircə yerdə gələ-götür bir cığır varıydı. Qarı qızı bu cığırnan çıxartdı laf dağın kəlləsinə. Burda zağa kimi bir yer varıydı, ikisi də girdilər ora. Qız baxıf gördü bura yekə bir öy kimi yerdi, özü də gejə qeybə çəkilən oğlannarının ikisi də burdadı. Bu işə məhəttəl qaldı, öz-özünə dedi: “Xudavəndi, bu nə möcüzədi?” Uşaxlarını bağrına basıf doyunca ağladı. Qız dedi:

– Qarı nənə, bu nə işdi? Mənim uşaxlarımı bura kim gətirif? Qarı dedi:

– Qızım, qoy saa agah olsun ku, bu uşaxları bura mən gətirmişəm, özü də köynəyimin yaxasınnan keçirif özümə oğulluğa götürmüşəm. Hələ səni qız vaxdı baxcadan bu meşiyə gətirən də mən olmuşam. Mən baxt quşuyam. Kim öz baxdına xor baxırsa, oları belə əzab-əziyyətə, məşəqqətə salıram. Gəl sən bir də baxdınnan şikayət eləmə.

Qız and işdi ki, bir də ömrünün axırınatan baxdınnan gileylənməsin. Qız and içif qutaran kimi qarı dedi:

– Qızım, indi dur, uşaxları da götür, çıxın eşiyə, mən cildimi dəyişif quş olajam, minərsiniz qənətdərimin arasına, aparıf sizi qoyaram öz şəhərinizə, ərinin yanına.

Bular dağdan çıxan kimi qarı dönüf oldu yekə dəvə boyda bir quş, qız uşaxlarını da qucağına alıf oturdu quşun qənətdərinin arasında. Quş pırıltıynan qalxdı göyə.

Quş göynən getməkdə olsun, görəx qızın əri paçcah oğlu nejə oldu? Bəli, elə ki, oğlanın arvadı, uşaxları əlinnən çıxdı, o günnən qara keyif ax-vaynan ömür keçirdi. Ata-anası, vəzir, vəkil nə qədər dəlildəlayil eliyirdilər oğlanı yola gətirə bilmirdilər, arvadının dərdinnən sap-sarı hayva kimi saralıf, şam kimi günü-günnən əriyirdi. Oğlan bir gün gənə atasının gülüsdan bağında oturuf qəm dəryasına qərq olmuşdu.

Qəfildən bura bir qoja rəmmal gəlif çıxdı. Rəmmal oğlanı fikirri görəndə dedi:

– Oğul, niyə beykefsən, dərdin nədi?

Oğlan dedi:

– A kişi, bu nədi, rəmmal paltarı keyifsən, adını da rəmmal qoyufsan! Sənnən rəmmal olmaa. Əyər sən rəmmal olseydin, heş mənnən soruşmazdın, o saat dərdimi bilərdi.

Bu söz rəmmala bərk toxundu. Rəmmal kitabını alıf qoydu qavağına, bir tərəfinə tas, bir tərəfinə tilsim cəmi qoydu, başdadı fala baxmağa, əllimikin oyun çıxardannan sora dedi:

– Ey şahzadə, saa əyan eliyim ki, dərdin noruz dərdidi. Arvadının, uşaxlarının dərdini çəkirsən.

Şahzadə gördü kü, rəmmal düz deyir, odu ku, dedi:

– Ey rəmmal, bəs mən neyliyim ki, bu dərddən qutarım?

Rəmmal cavaf verdi ki:

– Ey şahzadə, nə qədər ki, baxtınnan şikayətlənif, axuf eliyirsən, sənin işin düz gətirmiyəjək. Elə ki, gülüf-danışdın, şaddığ elədin, onda dərddən, qəmnən qutarajaxsan.

Rəmmal sözünü qutarıf getdi. Oğlan öz-özünə dedi ki, gəl sən rəmmalın sözünü yoxla görəx noolur. Odu ki, şahzadə əmr elədi, həmən gün atasının qavağında şaddığ məclisi quruldu, yiməy, işmək, çalmax, oynamax, bir dəm-dəsgah düzəltdi ki, elə bil toydu. Oğlan bu məclisdə böyük şaddıq elədi. Hamı bu işə məəttəl qalmışdı. Şahzadənin neçə iliydi ki, üzü gülmürdü, amba böyük bir vurha-vurdeydi ki, gəl görəsən.

Oğlanı burda qoyax, görək qıznan uşaxlar nooldular. Qıznan uşaxlar göyün yeddi qatında baxt quşunun belində yol gəlirdilər. Quş gəlif o zaman çatdı ki, oğlan bağda kef-damaxdeydi. Quş düz gəlif tüşdü paçcahın bağının içində; qızı, uşaxları burda qoyuf özü uçuf gözdən itdi. Qız yavaş-yavaş səs-küy gələn yerə gedif gördü öz əri burda bir kefdədi ki, da nə deyim. Odu ku, qıraxdan boynunu püküf başdadı yazıx-yazıx baxmağa. Oğlan başını qaldıranda qızı gördü, o saat tanıdı, yüyürüf onu qucaxladı. Sarmaşıx kimi bir-birinə sarmaşdılar, sora uşaxlarını bağrına basıf öpdü. Oğlan dedi:

– Bu nə işdi, sən nə cür oldu ku, sağ qaldın?

Qız başına gələn əhvalatı ərinə tamam-kamal söylədi, axırda da bir ah çəkdi. Oğlan soruşdu ku, bəs niyə ah çəxdin? Qız dedi:

– Mənim başıma bu qədər məşəqqətdər gəlif, ölüf ölümnən qayıtmışam, səni yadımnan çıxartmamışam. Amba sən gündə burda kefdamağ çəkifsən.

Oğlan dedi:

– Sən səhv eliyirsən, bircə buyün mənim üzüm gülüf, sən gedənnən qara geyif, yas saxlamışam. Buyün bir rəmmal maa dedi ki, nə qədər ki ax-uf eliyirsən, baxdınnan şikayətdənirsən, onda həməşə əzaf çəkəjəxsən, elə ki, şaddığ elədin, onda baxdın da yaxşı gətirəjək. Mən rəmmalın sözünə baxıf buyün şaddığ elədim, doğrudan da baxdım açıldı, arvad-uşağım qavırdan dirilif gəldilər yanıma. Qız gördü kü, əri düz deyif, özünün başına gələn ərinin də başına gəlif, odu ku, onun sözünə inandı. O günnən təzədən ömür sürüf gün keçirdilər.

Göydən üç alma düşdü. Biri baxt quşunun, biri tikənçinin, biri də nağıl söylüyənin.