Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq
Görünüş
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq Müəllif: İmadəddin Nəsimi |
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,
Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,
Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq.
Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,
Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq.
Kim ki, istər dilbərinin xəlvətinə yol bula,
Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq.
Sevgilimin sevgisindən özgə sığmaz könlümə,
Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.
Könlümün viranəsin mə’mur qıldı eşqi-yar,
Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq.
Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu gün
Könlünü aldurdun, oldun axərin yəğmayi-eşq.