Məzmuna keç

Nahuşa haqqında hekayət

Vikimənbə saytından
Nağıllar. Nahuşa haqqında hekayət
Müəllif: Şifahi xalq ədəbiyyatı


İndra şahlığını tərk edib, sürgündə özünün böyük günahlarını yuduğu vaxtlar hər üç dünyada işlər bir-birinə qarışıbmış. Çayların suyu çəkilmiş, göllər qurumuşdu, göydən bir damcı da yağış düşmürdü, meşələr məhv olub gedirdi. Şahsız və başsız qalmış tanrıların, müdriklərin qəlbini qorxu və çaşqınlıq bürümüşdü, amma onların heç biri səma taxtında İndranın yerini tutmağa ürək eləmirdi.

O vaxtlar yer üzündə Ayusun oğlu, Pururavasın nəvəsi, ay nəslinin nümayəndəsi şah Nahuşa hökmdarlıq edirdi. O, şücaəti, xeyirxahlığı və gözəlliyi ilə böyük şöhrət qazanmışdı. Buna görə də səma sakinləri ulu Brahmanın razılığı ilə qərara aldılar ki, onu İndranın yerinə taxta çıxartsınlar. Tanrılar və müqəddəs zahidlər onun yanına gəlib dedilər:

– Ey yerlərin şahı, gəl bizim ağamız ol.

Pururavasın nəvəsi karıxmış halda etiraz elədi:

– Mən sizin ağanız ola bilmərəm, ey səma sakinləri. Mən çox zəifəm. İndranın gücü məndə yoxdu, buna görə də etibarlı arxa və müdafiəçi kimi sizə yaramıram.

Tanrılar və müdriklər ondan əl çəkmədilər:

– Sən narahat olma, ey şahlar şahı! Sən bizim hökmdarımız ol, bizim bütün qüdrətimiz sənin işinə yarayacaq. Sənin işarənlə tanrı da, asur da qandharv da, brahman da öz gücünü sənə keçməsi üçün sənin həmin adama baxmağın bəsdi. Bizim bu hədiyyəmizi qəbul elə. Şübhələri at, ey Ayusun oğlu Nahuşa, bu pak yola qədəm qoy, İndranın səma taxtında otur!”

Nahuşa razılaşdı. Nahuşa yerdə hökmdarlıq edəndə, ehtirasını cilovlaya bilirdi, xeyirxah əməllərdə təskinlik tapırdı və böyük bir mütiliklə tanrılara sitayiş edirdi. Amma səma hökmdarına çevrilib güc sahibi olandan sonra Nahuşada təkəbbür yarandı, möminliyi unutdu, tez-tez kefə və əyləncələrə meyl göstərməyə başladı. O, yanına göyçək səma apsarlarını və işvəkar qandharvlarını topladı, ilahi musiqidən həzz alaraq, gecə-gündüz onlarla Nandan meşəliyində kef çəkdi. Apsar və qandharvların müşayiətilə göydən öləri insanlar dünyasında göylərə ucalan Meru dağına endi, Himalay dağının zirvələrini gəzib dolaşdı, sonra çaylara və okeanlara baş çəkdi, hər yerdə kef və əyləncələrdəydi.

Bir gün Nahuşa İndranın göyçək arvadı Şaçini gördü və kor ehtiras varlığına hakim kəsildi. O, yanındakılardan soruşdu:

– Niyə ilahə Şaçi öz ağasına ehtiramını və sevgisini bildirmədən yan keçir. Məgər mən göylərin hökmdarı deyiləmmi?

Məgər o, əvvəllər İndraya göstərdiyi ehtiramı indi mənə göstərməli deyilmi? Qoy göyçək Şaçi tezliklə saraya gəlsin və mənə baş çəksin!

Nahuşanın əmrini eşidən Şaçi qorxu və ümidsizlik içində tanrıların müdrik müəllimi Brihaspatinin yanına özünü yetirdi və dedi:

– Ey brahman, mənə kömək ol, kömək elə ərimə sədaqətimi qoruyub saxlayım. Məni ancaq sən gizlədə bilərsən. Bir vaxtlar deyirdin ki, dul qalmaq mənim bəxtimə yazılmayıb. İstərdim ki, sənin sözlərin yalan olmasın.

Brihaspati cavabında dedi:

– Dediklərimin hamısı həqiqətdi. Ey ilahə, narahat olma və Nahuşadan da qorxma. Tezliklə səni ərin İndraya qovuşduraca- ğam. – Brahman Şaçiyə evində sığınacaq verdi və onu qanadının altına aldı.

Brihaspatinin Şaçini evində gizlətdiyi xəbəri Nahuşaya çatdı, hökmdar cin atına mindi. Səma sakinləri onu sakitləşdirmək üçün çox dil tökdülər:

– Ey göylər hökmdarı, hirsini bas. Sənin hirsin dünyanı dağıda bilər. Sakitləş və fikirləş ki, Şaçi sənin arvadın deyil. Günaha batma və naməhrəm arvada tamah salma. Sən, axı, tanrıların şahısan, sən gərək təbəələrinə nümunə olasan, onları bəd əməllərdən çəkindirəsən.

Ehtirasının qurbanı olan Nahuşa deyilənlərə fikir vermirdi, səma sakinlərinə etiraz elədi:

– İndranın özünün günahı az deyil. Kahinin qatili kimi, tanrılar dünyasından qıraqda gizlənməklə layiqli cəzasını almayıb və heç vaxt arvadının yanına qayıtmayacaq. Buna görə də arzuladığım sevinci o, mənə bəxş eləməlidi. Bu, onun da xeyrinədi, sizin də. Bir daha mənim iradəmə qarşı çıxmayın.

Səma sakinləri susdular, qarşısında baş əydilər və Şaçini onun sarayına gətirəcəklərinə söz verdilər. Başlarını aşağı salıb, dərdli-dərdli Brihaspatinin yanına gəldilər və dedilər:

– Ey ulu brahman, bizə bəllidi ki, İndranın arvadı sənin evində sığınacaq tapıbdı. Sənin yanına minnətə gəlmişik, ey ulu müdrik, Şaçini hökmdarın hüzuruna göndər. Nahuşa bizim hökmdarımızdı və hal-hazırda o, İndradan çox güclüdü. Qoy gözəl ilahə onu özünün hökmdarı və əri kimi qəbul eləsin. Tanrıların bu sözlərini eşidən Şaçi acı-acı ağladı və göz yaşları tökərək Brihaspatiyə üz tutdu:

– Ey tanrıların müəllimi, sən bilirsən ki, mən Nahuşanın arvadı olmaq istəmirəm. Mən sənin qanadının altına sığınmışam. Doğrudanmı, sən vədinə xilaf çıxacaqsan?

Müdrik Brihaspati işi belə görüb, natiqlik məharətindən istifadə elədi və dedi:

– Qüdrətli Brahma demişdir: kömək diləyənə xəyanət edən adamı böyük bədbəxtçiliklər gözləyir. Mən sözümün ağasıyam və xeyirxahlıq qanununu poza bilmərəm. Kömək diləyənə xəyanət edən adam xoş gün görməyəcək. Torpağa səpdiyi toxum bitməyəcək, yağış onun tarlasından yan keçəcək, məhsul nə olduğunu bilməyəcək; nəzirini tanrılar qəbul eləməyəcək, törəmələri qırılacaq, əcdadları isə o dünyada qırğına çıxacaq. Buna görə də, ey tanrılar, İndranın arvadını Nahuşaya verməyəcəyəm. Bir siz də fikirləşin, fikirləşin ki, Şaçinin və özümüzün səadətimiz naminə nə edə bilərik.

Tanrılar fikirləşib çıxış yolu tapa bilmədilər, onda Brihaspati dedi:

– Qoy qəşəng gözlü ilahə Nahuşadan xahiş eləsin ki, şah öz səadəti naminə ona vaxt versin. Şaçi də bu müddət ərzində yenidən ərə getmək fikrinə alışsın, özünü buna hazırlasın. Ey müdrik tanrılar, zaman isə sonra Nahuşanın qarşısına başqa sədd çəkər. Tanrılar Brihaspatinin təklifi ilə razılaşdılar. İndranın arvadına dedilər:

– Ağıllı ol, ilahə. Brihaspatinin məsləhətinə əməl elə. Nahuşanın yanına yollan və xahişini ona çatdır. Nahuşa günahkardı və şəhvətpərəstdi, onun hökmdarlığına az qalıbdı, tezliklə İndra şahlığını özünə qaytaracaq.

Utancaq Şaçi səma sakinlərinin təhriki ilə Nahuşanın yanına yollandı. Gözəl-göyçək məlakəni qarşısında görən Nahuşanın sevincdən çiçəyi çırtladı, onun qəşəngliyini tərifləyərək şirin dilini işə saldı:

– Ey göyçək ilahə, məni öz ərin kimi qəbul et. Axı, hazırda mən hər üç dünyanın İndrasıyam.

Nahuşanın ehtiras dolu sözləri ilahəni dəhşətə saldı, qorxudan sərt küləkdə əsim-əsim əsən ot saplağı kimi titrədi. O, Nahuşanın qarşısında baş əyib dedi:

– Ey tanrıların hökmdarı, səndən xahiş edirəm ki, mənə bir az möhlət verəsən. İndradan xəbər-ətər çıxmasa, söz verirəm ki, sənin arvadın olacağam.

Şaçinin sözləri Nahuşanın qəlbində sevinc və ümid oyatdı. O, İndranın arvadına dedi:

– Qoy sən deyən kimi olsun. Amma yadında saxla ki, mən səni gözləyirəm və inanıram ki, məni aldatmayacaqsan. Nahuşa onun getməsinə icazə verdi, Şaçi yenidən qayıdıb, Brihaspatinin evində gizləndi.

Tanrılar sevindilər ki, Nahuşanın hirsi bir müddətə yatıbdı, məsləhət almaq üçün Vişnunun yanına yollandılar:

– Ey ulu tanrı, bizim pənahımız sənsən, xilasımız səndədi. De görək, İndranın günahını yumaq üçün nə eləmək lazımdır?

Vişnu cavab verdi:

– Qoy İndra atını mənə nəzir gətirsin. Nəzirdən sonra mən onun günahını yuyaram, o da göylər səltənətində hökmdarlığını yenidən ələ alar.

Tanrılar yolu əllərinə alıb, kainatın qurtaracağına gəlib çıxdılar, İndranı tapdılar, onunla birlikdə atını qurban kəsdilər. Vişnu İndranın günahını yudu. Amma ulu bir qorxu hələ də İndranın canındaydı, o, Nahuşanın qüdrətindən qorxurdu, buna görə də heç kimin gözünə görünməmək üçün sakitcə öz gölündə gizləndi. Dilxor tanrılar ərinin yenidən gizləndiyini Şaçiyə dedilər. Şaçi dua eləməyə başladı: “təmizliyim və möminliyim mənə kömək olsun, Nahuşadan məni qorusun və İndraya sədaqətli qalmaqda dadıma çatsın”. Gecənin bir aləmində İndranın dərdli arvadı sığınacağından çıxdı və üzünü gecə tanrısına tutdu:

– Ey Gecə, ey gələcəkdən xəbər verən tanrı! Sirrini mənə aç, ərimi haralarda axtarım!

Şaçinin dərdindən riqqətə gəlmiş Gecə cavan və qəşəng bir qız cildində onun qarşısına çıxdı və dedi:

– Ey Şaçi, ey sədaqətli qadın, arxamca gəl. Ərinin gizləndiyi yeri mən sənə göstərərəm.

Şaçi Gecənin arxasınca düşdü, onlar əvvəlcə səma meşəliyindən keçdilər, sonra Himalayın dağlıq zirvələrinə qalxdılar və şimala yollandılar. Uzaq şimalda ucsuz-bucaqsız dənizin qoynunda yerləşən adaya rast gəldilər. Ada meşəlik və çəmənliklə örtülmüşdü, ortasında isə ağ şanagüllər baş-başa vermiş gözəl bir göl vardı. Gələcəkdən xəbər verən Gecə Şaçiylə birlikdə şa- nagüllənin birinin saplağına yaxınlaşdı və orda gizlənmiş İndranı ona göstərdi.

Sevimli əriylə görüşə sevinən Şaçi onun ayaqlarına döşəndi. Arvad göylərin hökmdarlığını ələ keçirəndən sonra Nahuşanın törətdiyi azğınlıqlardan danışdı, onu yoldan çıxartmağa çalışmasından söhbət açdı. İndradan xahiş elədi ki, geri qayıtsın, arvadını müdafiə eləsin və Nahuşanı cəzalandırsın. İndra isə cavab verib dedi ki, Nahuşaya qalib gəlməyə indi gücü çatmaz, çünki tanrılar ona böyük qüdrət veriblər:

– Ayusun oğluna ancaq hiyləylə qalib gəlmək olar. Sən geri qayıt və ona deynən ki, arvadın olmağa razıyam, amma şərtim var: mənim dalımca Brihaspatinin evinə at əvəzinə müqəddəs zahidlər qoşulmuş cəng arabanda gəl.

Şaçi onun tapşırıqlarına əməl edəcəyinə söz verib, göylər səltənətinə qayıtdı.

Vaxtın tamamında Şaçi Nahuşanın hüzuruna gəldi və dedi ki, İndra yoxa çıxıbdı, heç bir xəbər-ətər göndərmir, buna görə də hökmdarın arzusunu yerinə yetirməyə hazıram. Onun sözləri Nahuşanı sevindirdi, Şaçinin bütün istəklərini yerinə yetirəcəyinə söz verdi. Şaçi dedi:

– Şah sağ olsun, sən böyüksən, sən qüdrətlisən, dünyada sənə tay yoxdu. İşıqlı dünyanın tanrıları da, insanları da, bütün məxluqu da sənə tabedi. Sənin nəzərinə ilişənlərin hər biri özünün qüdrətini sənə verir, özü isə gücsüzləşir. Mən istərdim ki, dalımca Brihaspatinin evinə gələndə, bütün qüdrətin açıq-aşkar görünsün, sənin gəlişin Vişnunun və Şivanın qüdrətinə kölgə salsın – arabana göylərin müdrik brahmanlarını qoş və məni öz sarayına həmin arabada apar!

Aşiq Nahuşa cavab verdi:

– Mən sənin istəyinə tabe, ey göyçək Şaçi. Sənin arzun mənim qəlbimdən xəbər verir. Həqiqətən, dünya hələ belə gəliş görməyibdi. Arabasına mömin zahidləri qoşmaq hər adamın işi deyil. Mənimsə qüdrətim hüdudsuzdu; keçmiş, indi və gələcək mənə tabedi; dünya mənim qüdrətimlə rahatlıq tapır, acıqlansam dünya məhv olar. İlahə, arxayın ol, sənin bütün arzularını yerinə yetirəcəyəm! Yeddi müqəddəs müdrik məni sənin mənzilinə yetirəcək, kainatın hökmdarının bütün qüdrətini və şan-şöhrətini onda görəcəksən!

Məğrurluğundan məstləşmiş Nahuşa Şaçinin getməsinə icazə verdi. Şaçi tanrıların müəlliminin evində onun gəlişini gözləyəcəkdi.

Şaçi geri qayıtdı, başına gələnləri Brihaspatiyə danışdı. Üzünü Anqirasın oğluna tutdu:

– Vaxtım çox azdı. Göylər hökmdarı müdriklər qoşulmuş arabasında indilərdə özünü yetirəcək.

Brihaspati ona təskinlik verdi, yubanmadan İndranı axtarıb tapacağını dedi. O, mehrabda qurbanlıq odu qaladı və tanrı Aqnini İndranın dalınca göndərdi. Müqəddəs kahinin əmrini yerinə yetirmək üçün Aqni heyrətamiz dərəcədə gözəl bir qıza çevrildi və həmin andaca yoxa çıxdı. Xəyal kimi qanad çaldı, göyü və yeri, meşəni və dağı axtardı, bir göz qırpımında geri qayıdıb, hər yeri axtardığını, amma İndranı tapmadığını söylədi. Bir də onu dedi ki, İndranı ancaq axan sularda axtarmamışam, sularda gizləndiyim vaxtdan suya girməyə ürək eləmirəm. Brihaspati etirazını bildirdi:

– Ey Aqni, ey allahların diliylə danışan, müqəddəs qurbanları onlara sən çatdırırsan. Brahmanlar sənə sitayiş edirlər, sənin əməllərini şöhrətləndirirlər, sənə qurban kəsirlər. Sən həqiqət kimi, bütün canlıların qəlbinin dərinliyinə yol tapırsan. Dünyada sənin üçün heç bir sirr yoxdu. Beləcə, qorxusuz-hürküsüz suya baş vur, İndranın harada gizləndiyini öyrən.

Brihaspatinin sözlərindən sonra Aqni dünyanın bütün sularına baş vurdu, bütün dənizləri və çayları, nohurları və gölləri bitdə-bitdə axtardı, nəhayət, İndranın yerini tapdı. Başda Brihaspati olmaqla tanrılar İndranın yanına gəldilər, yalvardılar ki, geri qayıtsın, asuralarla döyüşdə qazandığı qələbələri və göstərdiyi igidlikləri ona xatırlatdılar. Brihaspatidən sonra sular hökmdarı Varun, ay tanrısı Soma, Günəşin oğlu Yama və başqa tanrılar ona minnətçi düşdülər. Nəhayət, İndra sığınacağından çıxdı, ildırım hökmdarı kimi, özünün əvvəlki qorxunc görkəmini aldı və dedi ki, tanrılar öz gücləriylə ona kömək edəcəklərsə, Nahuşayla vuruşmağa razıdı. Tanrılar kömək edəcəklərini dedilər və düşünüb-daşınmağa başladılar ki, Nahuşanın öhdəsindən necə gəlsinlər, göylər padşahının taxtından onu necə salsınlar. Məsləhətləşmənin qızğın yerində Urvaşinin oğlu müdrik Aqastya özünü yetirdi və dikbaş Nahuşanı İndranın taxtından salındığını, bununla da tanrıların gözəl iqamətgahında əmin-amanlığın hökm sürdüyünü onlara çatdırdı. Aqastya hadisəni olduğu kimi şadyanalıq edən tanrılara danışdı:

Nahuşa arabaya qoşmaq üçün brahmanları seçəndə müdrik Bhriqa onun gözünə görünməsin deyə, saçlarımın arasında gizləndi. Nahuşa məndən başqa müdrikliyi və xeyirxahlığı ilə şöhrət qazanmış daha altı zahidi arabaya qoşdu. İndranın arvadını gətirmək üçün Brihaspatinin evinə sarı getdik, yolda Nahuşa arabanı çəkən müdriklərlə mübahisəyə girişdi. Mübahisə Veda himnlərini düzgün oxumağın üstə qızışdı. Müdriklər güzəştə getmədilər və Nahuşanın savadsızlığını üzə çıxartdılar. Məğrurcasına arabada əyləşmiş hökmdar yaman acıqlanmışdı, başımı təpiklədi və özü də bilmədən Brahmın oğlu Bhriquya dəydi. Nahuşanın görmədiyi müdrik, təpiyi özünə təhqir sayaraq ona lənətlər yağdırdı: “Bütün günahlarına, azğınlığına, brahmanlara əzab verdiyinə, naməhrəm arvada göz verib işıq vermədiyinə görə, ey Nahuşa, sən öz gücünü itirəcəksən, tanrıların hədiyyəsi sənin dadına çatmayacaq. Sən daha göylər şahlığına layiq deyilsən, buna görə də göydən yerə qovulacaqsan. Yerdə sən iri bir ilana çevriləcəksən, min il torpaqda sürünüb yem axtaracaqsan, Ay nəslindən olan varisin Yudhişthira padşah səni lənətdən qurtarana kimi əzab çəkəcəksən”. Ulu müdrik sözünü deyib qurtardı, amma Nahuşa bu lənətin qarşısında aciziydi, çünki onun nəzərləri həmin anda Bhriqunu tapmamışdı. Ayusun, təkəbbürünü itirmiş və qorxudan tir-tir əsən oğlu bu lənətin qüdrətiylə göydən yerə düşdü və iri bir ilana çevrildi.

Aqastya sözünü qurtardı və sevincək tanrılar İndra ilə birlikdə öz iqamətgahlarına qayıtdılar.

Brahmanın əmriylə İndra atıyla təmizləyici qurbandan bir də keçdi, Brahma və Vişnu öldürdüyü kahinin qanını onun üçün keçdilər, onun günahını odun, ağacların, apsarların və suların arasında böldülər. Aqni İndranın günahının bir hissəsini öz boynuna götürdü və Brahmaya dedi:

– Şahımızın rifahı naminə sənin əmrinlə mən bu ağır yükü öz boynuma götürdüm, bəs bu yükdən nə vaxt azad olacağam? Brahma dedi:

– Narahat olma, əgər kimsə ağlını itirib, sənə nəzir gətirməsə, sənin günahın onun boynuna düşəcək.

Ağaclara dedi:

– Kimsə çaşıb təzə ay, yaxud da aypara doğan günü sizə balta qaldırsa sizin boynunuza qoyduğumuz günahı ona verəcəyik. Apsarlara dedi ki, onların günahları aybaşı vaxtı arvadlara toxunan kişilərin boynuna düşəcək. Sudakı günahlar, Brahmanın sözünə görə, suyu murdarlayana keçəcək. Hər şey Brahmanın dediyi kimi oldu. Şaçinin ərisə günahlarından azad olub yenidən göylər səltənətində hökmran oldu.