Nakamlıq

Vikimənbə saytından
Jump to navigation Jump to search
Nakamlıq (1912)
Müəllif: Hüseyn Cavid
“İqbal”, 14 may, 1912, № 59
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.

Böyük bir ziya’i-əbədi


Bu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını ağuşi-əbədisinə alıyor. Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofiq imzalarını qəzetə sütunlarında görüb bilməyən pək az qare bulunur zənn edərim. İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi! Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmalitəhsil ilə məşğul olub tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan əfsus! binlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arqadaşlarının, əhibba və vətəndaşlarının yürəyinə unudulmaz bir həsrət qoyub getdi. Mərhum müşarileyh yaşasaydı ədəbiyyatımıza pək böyük mənfəətlər, pək qiymətli əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edərim. Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum (A.Sur) haqqında yazmış olduğu mütaliatı hər kəs oquyub düşünmüşdür zənn edərim. Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi söndü, getdi... Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud qayb etdi. Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mirimumileyhi Tiflisdən Şamaxıya, yə’ni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib duruyor. Qafqas öylə nadir vücudə bir də pək çətinliklə malik ola bilir. İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayitəhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşını məhzun və dilxun etdi. Üçüncüsü isə şu iki mərhumun hiç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən olmasa belə yenə az-çoq yaşayıb və istədikləri qədər millət və vətənlərinə ifayi-xidmət edə bilmişlərdir. Bu isə (A.Sur), hənuz yeni-yeni qol-qanat açıb, təşəbbüsatda bulunub vətən yavruları için, onların tərəqqiyatı için çalışıb-çabalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi. Biçarəyi aldı götürdü, şu mütəşəbbis, gənc ədibimizin səbəbiirtihalına gəlincə Tiflisdə iki ay zərfində xəstəxanədə bir qaç dəfə əməliyyaticərrahiyyə (operatsiya) icra edildikdən sonra qurtulmayaraq nihayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur. Cənabi-Həqq validəsinə, qardaşlarına və arqadaşlarına, dostlarına və vətəndaşlarına səbri-cəmil əta eləyə... Hüseyn Cavid

İdarə: Bu xəbər dünkü qəzetimizin təb’ makinasına verildiyindən sonar əlimizə düşdüyünə görə bir gün tə’xirə düçar olmuş isə də, cənnətməkan Abdulla Tofiq haqqında bə’zi xatirat və təfsilatı havi olduğuna görə, dərci əlzəm bilinmişdir.

Qeydlər[redaktə]