Namə gəlibdir
Görünüş
Namə gəlibdir Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Dostum yenə salam-dua göndərib,
Xublar məclisindən namə gəlibdi.
Bu dərdimin mindən biri azalmaz,
Mənə gələn deyin kimə gəlibdi.
Yenə də qaynayır sərin bulaqlar,
Keçir xəyalımdan ötən o çağlar.
Niyə kimsəsizdir bizim bu dağlar,
Ondan ötrü könlüm qəmə gəlibdi.
Bir ağ gün görmədik fani fənada,
Çoban Əfqan verdi ömrünü bada.
Dövran varlınındır başdan dünyada,
Kasıb niyə bu aləmə gəlibdi?