Naxçıvana nə lazım?

Vikimənbə saytından
Naxçıvana nə lazım? (1910)
Müəllif: Hüseyn Cavid
“Həqiqət” qəzeti, 5 yanvar 1910, № 4
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Əvət, Naxçıvanda görülən işlər keçən nömrədə görüldü. Şimdi kökünü araşdırmaq lazım. Çünki hökumət əski məktəbi öz əlinə aldı. Ondan bir çoq adamların şübhəyə düşmək ehtimalı var. Şübhəsiz, ana dili nə qədər lazım isə, hökumət dili də o qədər vacibdir. Lakin Əli aşını, Vəli aşına qarışdırmamalı. “Qorodskoy” məktəblər başqa, milli məktəblər daha başqa bir şeydir. Burada yalnız iki sual nəzərə çarpıyor: məktəbdən məqsəd nədir? Və kimlər hanki məktəblərə getməlidirlər? Elm hər dildə birdir. Elmdə təəssüb yoqdur. Ancaq bir para şərtlər vardır ki, nəzəri-diqqətə almaq faydasız olmaz. Elmdən edilən istifadə yalnız mə’nəviyyata münhəsir deyil. Maddiyyat ilə də münasibətdar olmalıdır. Ən əvvəl məktəbdən məqsəd yazıb-oqumaqdır ki, ibtidai məktəblər bunun içindir və hər millətin bütün əfradına vacib bir vəzifədir. Nasıl ki, Avropa hökumətləri bunu məcburi bir qanun şəklinə qoymuşlardır. Üç-dörd il zərfində istər qız olsun, istər oğlan olsun ibtidai təhsil görməlidir. Lakin bu məktəblərə gələn çocuqlar əksəriyyətlə fəqir, kasıb çocuqları olur ki, məktəbi ikmal edər-etməz iş arqasınca qoşacaq, özünə bir kəsbü kar arayacaq, atasına yardım edəcək. Şimdi azacıq yazı-pozu bilməlidir ki, işlərini idarə etməkdə güclük çəkməsin, hər günkü həvadisi anlamaq için bir-iki sətir qəzetə oquya bilsin. Əcəba şu qısaca mə’lumata bu məktəblərdə nail olmaq mümkünmüdür? Ə s l a !.. Hər gün üç dərs rusca, bir dərs türkcə oqunsa, o yarım-yanlış türkcədən hiç bir fayda hasil olmaz. İki gün içində tamam unutulur gedər. O qarışıq yazılar, o pərişan imlalar, o qəliz kəlmələr ilə əsla bir şey anlaşılmaz. Ruscaya gəlincə bir-iki qiraət kitabı ilə, hesab qəvaid və sairə ilə uğraşılır ki, həpsi “nəqş bər ab”[1] qəbilindən bir şey olur. Çocuq məktəbdən çıqdığı kibi o qeyri-mə’nus kəlmələr də zavallının başından çıqı veriyor. Lakin ata-anası da qüvvəsiz. Şimdi biçarə taleyin nəsinə məmnun olsun, çəkdiyi dört illik zəhmət hədər oldu getdi. Şübhə edilsə, nümunə istənilsə hazır, həm də yüzlərcə. Lakin işi bil’əks təsəvvür edəcək olursaq daha çoq istifadə edilmiş olur. Bə’zi hər gün üç dərs türkcə, bir dərs rusca oqudulursa bir iş sahibi, ticarət və sənətcə lazım olan işlərin beş-üç kəlmə yazıb söyləşmək ilə yoluna qoya bilər. Fəqət rus dilindən küçük bir xatirə qalır ki, yavaş-yavaş zaman qulağını buraraqdan öyrənməyə məcbur edər. Üç il yalnız ana dilinə məxsus qalmış oluyor ki, bir il ancaq əlifba ilə uğraşılır, iki il də ərəb, fars qəvaidindən lazım olanları, sonra hesab, coğrafiya, tarix, açıq olmaq şərtilə sair fünundan da bir para səthi mə’lumat əldə edilmiş olur. Lakin tərzi-tədrisdə həmiyyətlə elm qarışdırılmalıdır ki, çocuğun gözünü açmaqda güclük çəkilməsin. Bunun için də karaşina müəllimlər lazım ki, elmi-tərbiyəyə və lisana hiç olmazsa səthi surətdə vaqif olmuş olsun. Yoqsa papağan “tuti” kibi təqlidi və gevşək bir proqram tə’qib etmək eyi bir nəticə verməz. “Vətən dili” ya “Bəsirəti-ətfal” bilənlərdən müəllimlik iddiasına düşənlər hiç də az deyil. Bunlar kəndiliklərini bilmədikləri kibi, onlardan istifadə umanlar da yoq deyil, bir kitabi bu gün öyrənib yarın öyrətmək xəyalına düşmək çürük bir xülyadan başqa bir şey deyildir. Diqqət buyurulsun? Bir gündə əlifba dərsi vermək ixtiyarını haiz olmaq istəyən hər bir rusca müəllimi mütləq on bir il çalışıb darülmüəllimin (seminariya) ikmal etməlidir. Şimdi bu müəllimlər haradan bulunsun? Deniləcək ki, doğru bir sual olduğu şübhəsizdir. Həm də böylə müəllimlərə yalnız Naxçıvan deyil, Ordubad, Irəvan və onların təfərrüatı kibi yerlər həp bir dərəcədə möhtacdır. Lakin bu öylə bir məsələ ki, həll edilməsi pək qolaydır. Dağa-daşa düşmək lazım deyil. Gəncə pək yaqındadır. Həm də əlin içində... Gəncə məktəb ruhanisini bilməyən yoq kibidir. İştə oraya gedilib az bir zaman çalışılır isə hər arzuya nail olmaq mümkündür. Bakıda bir-iki məktəb müstəsna olmaq şərtilə, Gəncə məktəbi Qafqasiyanın ən birinci və ən parlaq məktəbidir. Ancaq, burası şayaniheyrət ki, ana dilində təhsili-elm için məsafələr teyy edib, məsarifə qatlanmaq şimdilik bizə pək ağır gəliyor. Lakin pək yanlış bir xəyal... Oraya müraciət edənlər çoq vaqt qeyb etməzlər. Azacıq mə’lumatiibtidaiyyəsi olanlar bir-iki ildə naili-məqsəd olub geri dönə bilər. Ehtimal ki, az bir zamandan sonra məktəbin özünə məxsus pansionu da olur. O zaman on üç-on dört yaşında çocuqlar da göndərmək mümkündür. Hər yerdən üç nəfər göndərilsə zənnimcə ikisi tamam və yarı məsrəf ilə qəbul edildiyi kibi, biri də büsbütün məccani qəbul edilə bilər. Gəncə məktəbi böyüyəcək, artacaq, yüksələcək, geniş bir proqram tə’qib edəcək, səbatlı bir darülmüəllimin olacaq. Çünki sahibləri yalnız maddətən deyil, mə’nən də geniş bir mühakimə, təmiz bir məslək sahibləridir. Məktəb həm şəriətə, həm məişətə əlverişli bir məktəbdir. Dünya və axirət orada cəmdir. Sahibləri və müəllimləri şayani-təbrikdir. İbtidai məktəblər haqqında bu qadarcıq yetişir, həm insan için o bir başlanğıcdır, yeganə bir vəzifədir. Bir də sənət ya məslək için məktəblər vardır ki, onlar dəxi “qorodskoy”lar, gimnaziyalar, realnilər, seminariyalar və sair bir taqım məktəblərdir. İqtidarı, varı, həvəsi olanlar için həm münasib, həm də istifadəlidir. O xüsusda hiç bir deyəcək yoq. Hər kəs kəndi hissiyyatını dinləməli, öz yorğanına görə ayaq uzatmalıdır. Lakin bə’zi şəhərlərdə müsəlmanlar bu xüsusda da qafil davranmışlar. Azacıq e’tinasız olmuşlar. Məsələn: bir çoq bu qisim məktəblərdə gürcülərin, ermənilərin həm şəriət, həm lisan müəllimləri olduğu halda, müsəlmanların yalnız şəriət mollası var. Lisan müəllimindən məhrumdur. Onun içindir ki, bir çoq məktəb şagirdləri az bir zamanda kəndilərini unutuyorlar. Özlərini, sözlərini bilmiyorlar. Tarixlərindən, köklərindən xəbərsiz qalırlar. Bu da bir millət için pək böyük qəflət, pək böyük tədənnidir. Dilsiz bir millət yaşamaz, çabuq münqəriz olur. Bir millətin lisanı, mevcudiyyətinin ən parlaq bürhanıdır.

Qeydlər[redaktə]

  1. Suya naxış vurmaq