Naz edər ətri-behiştə telin ətriylə küləklər

Vikimənbə saytından
Naz edər ətri-behiştə telin ətriylə küləklər
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 41

Naz edər ətri-behiştə telin ətriylə küləklər,
Sənə təzim eləyərlər rükü halında fələklər,
Qədəmin dəydiyi yerdə öpər ən ali mələklər,
Sənə ərbabi-vəfanın böyük ustadı deyərlər,
Sənə məzlumların, acizlərin imdadı deyərlər.

Beşiyi Kəbeyi-əqdəs, özü bir zati-müqəddəs,
Nə çox isbati-müşəxxəs, o əzizlərçün əziz kəs,
Ona dünya evi məhbəs, səsi Haqqa çağıran səs,
Desələr adı nədir bəs, Əlidir adı deyərlə,
Ona qeyrətli Rəsulun kişi damadı deyərlər.

Sübh edərsən günü heyran, gecələr mahi-muniri,
Gözünün sədqəsi ahu, saçının müşk əsiri,
Sənə şəhzadələrin sərvəri, sultanı, əmiri,
Mənə aşiqlərin ən xatiri-naşadı deyərlər,
Desələr Məcnuna tay, mən evi-bərbadı deyərlər.

Nə cavanlıq yaşadım mən, elə gənclikdə qocaldım,
Səni gündən xəbər aldım, səni aydan xəbər aldım,
Sinəm üstən neçə qəm dağı qopardıb yerə saldım,
Mənə də indiki əsrin yeni Fərhadı deyərlər,
Buna nakam qalan eşqin acı fəryadı deyərlər.