Məzmuna keç

Naz et

Vikimənbə saytından
Naz et
Müəllif: Səməd Mənsur
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ey rəhmli canan, elemə ülfəte adət,
Nazınla vüqarın verər ətvarına zinət,
Bihudə gülümsünmə, vüsalında nə ləzzət,
Sıx qəlbimi, yansın ciyərim, qanımı qəynət,
Cövrünlə dəri-sirri-nihanı mənə baz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Gər olmaya dövründə gülün xari-dilənduz,
Gər mümkün ola bülbül üçün vəsl şəbü ruz,
Nə bülbül olur dəhrdə, nə nəğmeyi-cansuz,
Qoyma ki, cəmalın ola üşşaqına dilduz,
Hicrində məxatib səbəbi-talei-biruz,
Təlimimi, təhsilimi, ey şux, diraz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Mahiyyətin əsrin nə bilir mərdümi-məsud,
Məsud olanın hər diləyi kəndinə mövcud,
Şeri, qəzəli, musiqisi, qəlbi qəmalud,
Onlar da sanır hər üçünü kəndinə məbud.
Qoyma, gözəlim, mən olayım heykəli-bisud,
Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Hicranı sevən görməsin ömründə vüsali,
Firqətlə yanan yalnız olur mətləbə hali,
Təzyiqdədir fəzl, hünər, rəncü məlali,
Məsud mənə, dilbər, o rəbbanı cəmali,
Dindirmə məni, qeyriləri məhrəmi-raz et
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
İnsanlar hamı görmədiyi aləmin istər,
Sağlam ürəyin xəstə satıb, mərhəmin istər,
Nəfsi, həvəsiyçin səni yox, həmdəmin istər,
Hər kəs özün istər, deyərəm xoş dəmin istər,
Mən istəmərəm vəslini, könlüm qəmin istər,
Mən söyləmərəm çövrü, cəfanı mənə az et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Eşqdir əzəldən yaradan kövnü məkani,
Dünya denilən əski binayə odu, bani,
Kibrində, qümrunda rümuzati-məani,
Şairlərə cövrün veriyor təbi-rəvani,
Mənsurun, əya, tanrısı, ey sevgili cani,
Yax qəlbimi hicranın ilə, təbimi saz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!