Neçə dili var
Görünüş
Neçə dili var Müəllif: Aşıq Alı |
Mərifətdən kamil olan, ay aşıq,
Şəriəti nəylə edərsən aşkar?
Bey altınnan o nöqtəni bəyan et, -
O nöqtədən eylə məni xəbərdar.
Yeddi daşın səkkiz cənnət yaşı var,
Yerdədi-göydədi hardadı əgər.
Ərşdə iki quş var - orda dən dənlər,
Gahdan pünhan olur, gah da aşikar.
Deməynən ki, bu sözlərim yalandı,
Aydı, gündü zümrüd ona ulaşdı.
Zatı zülcalaldı, sözü kəlamdı,
Peyğəmbərdən qalıb bizə mötəbər.
Mərifətdən, təriqətdən gəlmişəm,
Təriqətə yol-ərkanı bilmişəm.
Alı deyər özüm mətəl qalmışam,
Bu çərxi-davvarın neçə dili var.