Məzmuna keç

Neçədi (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neçədi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Şikəstə könlümün məqsudu usta,
Bu Təbrizin sonaları neçədi?
Tikilibdi çarşıları yanaşı,
Sarayları, binaları neçədi?

Ərənlər üstümdə oldu nümayan,
Bir camal göstərdi, bəyan və bəyan,
Bir səf mələk gördüm, bir səf də qılman,
Dal gərdəndə siyahları neçədi?

Müştaq oldum bir Pərimin tağına,
Canım qurban olsun xoş yığnağına,
Mən Abbasam, girsəm xublar bağına,
Eyvan, otaq, xanaları neçədi?