Məzmuna keç

Necədir - Gözəldir

Vikimənbə saytından
Necədir - Gözəldir
Müəllif: Aşıq İbrahim və Aşıq Xəlil
Mənbə: Seyfəddin Qəniyev, 1918-ci il Şamaxı soyqırımı şəhidlərindən iki nəfəri - Əngəxaranlı Aşıq Xəlil və Aşıq Sədrəddin, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.24-30.

 
Aşıq İbrahim:
Səndən xəbər alım, ay aşıq Xəlil,
Allı-güllü yaylaqların necədir?
Laləli-nərgizli tər ormanların,
Başı qarlı şiş dağların necədir?

Aşıq Xəlil:
Gəl sənə söyləyim, Aşıq İbrahim,
Bir cənnətdir, yaylaqlarım gözəldir.
“Taxta” yaylağında hava udmuşam,
Can sağlamdır, hal-əhvalım gözəldir.

Aşıq İbrahim:
Şair gördüm Minə adlı qızını,
Əqlini, təbini, xoş avazını,
Kim kökləyib onun könül sazını?
Sənə qarşı övladların necədir?

Aşıq Xəlil:
Kimi qurdalasan bizim Şirvanda,
Atmaca, gülməcə, eyham var onda.
Özün şahidsən ki, Əngəxaranda,
Çox razıyam, balalarım gözəldir.

Aşıq İbrahim:
Bizim yerlər – üzü Zaratdan bəri,
Bir yan Baba dağdı, elim, köçəri.
Sıra ilə yad et hər qonşu kəndi,
Söylə mənə, bulaqların necədir?

Aşıq Xəlil:
Bilmək istəsən ki, tapım çarəmi,
Gəl seyr elə Çuxuryurdu, Məlhəmi.
Nəfəs al, qayıtsın cavanlıq dəmi,
Sir-sehrdir, bulaqlarım gözəldir.