Necola

Vikimənbə saytından
Necola
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ay ağalar, nakam getdim dünyadan,
Yarəb, mənim xanımanım necola?
Gövhərtək sözlərim, bayatılarım,
Ləbi şirin süxəndanım necola?

Anam yoxdu gözlərindən yaş tökə,
Halalım yox, sinəm üstə saç tökə,
Qardaşım yox, qəbrim üstə daş tökə,
Yarəb, mənim ağlayanım necola?

Hayıf ola, ağ biləklər, bazılar,
Ahum otlar ceyran ilə yazılar.
Qohumum yox, qardaşım yox, qazılar!
Yarəb, mənim hal-əhvalım necola?

Bu gen dünya üstümüzə dar ola,
Biz köçərik, yurdumuzda kim qala?
Əhmədimin gül əndamı sarala,
Mənim sərvi-xuramanım necola?

Mən Qasımam, daha qalmadı tabım,
Qızılgüldən çəkilibdi gülabım,
Cədvəlkeş Quranım, qırx cüz kitabım,
Üstü zərli qələmdanım necola?