Necoldu (Aşıq Babaş)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Necoldu
Müəllif: Aşıq Babaş
Aşıq Babaş Mənsim oğlu (XVIII əsrin sonu - XIX əsrin 60-70-ci illəri). Aşıq Mürsəlin atasıdır.
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62.

Mat qaldım dünyanın həngaməsinə,
Adıbəlli neçə insan necoldu?
Aqillə nadana qiymət qoymadı,
Neçə-neçə sahib-zaman necoldu?

Adəmdən Xatəmə zənd et, fəhm elə,
Neçə canlar qovuşubdur xak ilə,
Neçə min nəbilər düşsə də dilə,
Qərib-qərib, pünhan-pünhan necoldu?

Kim kam aldı bu dünyaya gələli,
Halları var ağlamalı, gülməli.
Məhəmməd Mustafa, o Həzrət Əli,
İmam övladları canacan necoldu?

“Əshabi-Kəhfi”də eylədi bəhsi,
Harda bəndə düşdü Nuhun gəmisi?
Hatəmi, Yusifi, Lütü, Yunisi,
Udan üzüdönmüş dövran necoldu?

Gedən gedir, gələn olur bərqərar,
Babaş düşündükcə ürəyi ağlar.
Hələ bundan sonra qiyamət qopar,
Duymayanlar, ya da duyan necoldu?