Məzmuna keç

Neylərəm

Vikimənbə saytından
Neylərəm (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ey cananım, səndən ayrı
Mən bu canı neylərəm?
Malı-mülkü, təxti-tacı,
Süleymanı neylərəm?
Mən öləndə sən olasan,
Başım üstə ağlayan,
Şeyda bülbül fəğan eylər,
Gülüstanı neylərəm?

Bir vəfalı həmdəm ilə,
Ülfət qıl, ilqar eylə.
Dedim könül, dost kuyinə,
Sən də bir güzar eylə.
Əl götürmə damənindən,
Can ona nisar eylə.
Yar özü ziba gərəkdi,
Mən zibanı neylərəm?

Məmmədhüseyn, qətlin üçün
Məclisə saqi gəlir.
Qaşları yay, kirpiyi ox,
Gözləri yağı gəlir.
Bu gün ömür başa yetir,
Ayrılıq çağı gəlir.
Beşcə arşın ağ gərəkdi,
Badlıyanı neylərəm.