Məzmuna keç

Neyləyim (Ağbabalı Aşıq Nəsib)

Vikimənbə saytından
Neyləyim
Müəllif: Ağbabalı Aşıq Nəsib
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Ustam öldü, genə qaldım ortada,
Yarımçıqdan aşıq olmaz,neyləyim.
Şagirdliyə kimə gedim bilmirəm,
Hər yetişən sözüm almaz, neyləyim.

Sinəm dolu, nabələdəm yollara,
Mən naşıyam dərdə, qeylü-qallara,
Tanrı özü kömək olar qullara,
Kimsə məni yada salmaz, neyləyim.

Qəza vurdu, yetim qaldım atadan,
Könül evim qurtararmı xatadan,
Xəbərim var Ərginədən, Otadan,
Aşıq Nəsib, belə qalmaz, neyləyim.